Azərbaycan – MDB əlaqələri
2020-ci ildə qlobal pandemiyanın, eləcə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar bütün dünyada yeni bir ab-hava yaratdı. Hər bir ölkənin baş verən proseslərin yaxından iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışdığı məqamda, Azərbaycan öz növbəsində regionda yeni reallıqların yaradılması üçün öz imkanlarını səfərbər edərək iştirak etdi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində işləri, habelə istənilən platformadan məharətlə istifadə etməklə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir. Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, bir daha dünya siyasətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu baxımdan 12-13 oktyabr 2023-cü il tarixlərində Prezident İlham Əliyevin qardaş Qırğızıstana rəsmi səfəri, orada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün baş tutması, daha sonra cənab Putinin şəxsi dəvəti ilə Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycanın bütün beynəlxalq prinsiplərə hörmətinin və qlobal təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən gördüyü ardıcıl işlərin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, MDB Dövlət Başçıları Şurasının iclasında diqqət yetirilən əsas məsələlərdən biri də Birliyin məkanında təhlükəsizliyin təmin olunması mövzusu oldu. Son 30 il ərzində Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə öz milli maraqlarını rəhbər tutaraq uğurlu əməkdaşlıq həyata keçirib. Cari ilin 13 oktyabr tarixində Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə təşkil olunan MDB Dövlət Başçıları Şurasının iclası bir daha keçən müddətdə üzv dövlətlərin nə qədər böyük işlər gördüyünü və bunun davamlı olduğunu nümayiş etdirdi. Bu gün Azərbaycanın istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə etdiyi bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir və doğma Qarabağımızda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün dünyaya nümayiş etdirməkdədir.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı