Analitika

Azərbaycan iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir

İlk növbədə, Almaniyanın aparıcı şirkət rəhbərlərindən ibarət belə bir geniş tərkibli heyətin Azərbaycana səfəri diqqəti çəkir. Biznesin qaydalarına görə, şirkət rəhbərləri, adətən, onlar üçün indiki və gələcək perspektivlər baxımından mühüm görünən ölkələrə səfərlər edir, müxtəlif təkliflər ətrafında danışıqlara təşəbbüs göstərir, mövcud imkanlardan faydalanmağa çalışırlar. Almaniyanın şirkət rəhbərlərinin bu səfəri də qlobal iqtisadi reallıqlar dövründə ölkəmizə getdikcə artan marağın, iqtisadi gündəliyin xeyli zəngin olmasının göstəricisidir.
Bu da biznesin bir qanunauyğunluğudur ki, xarici investorlar, iş adamları üçün iqtisadi islahatların uğurla həyata keçirildiyi, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradıldığı ölkələr daha əhəmiyyətli olur. Burada iş qurmağa göstərilən maraq iqtisadi sahədə aparılmış uğurlu islahatların, Azərbaycandakı əlverişli biznes mühitinin beynəlxalq sferada yüksək qiymətləndirildiyini göstərir. Xarici şirkətlərin rəhbərləri Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyini etiraf edir, yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirir və bundan faydalanmaq niyyətlərini ortaya qoyurlar. Görüşdə xüsusi olaraq vurğulandı ki, Almaniya biznes dairələri və şirkətləri iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələləri ilə bağlı bu gündəliyə böyük töhfələrini verməyə hazırdır.Ümumiyyətlə, son dövrlər Almaniyanın nümayiş etdirdiyi konstruktiv davranışlar, bu ölkənin ölkəmizə münasibətində, eləcə də Azərbaycanın regionda yaratdığı yeni tarixi reallıqlara baxışında obyektiv mövqe tutmasına dəlalət edir. Hiss olunur ki, bəzi Avropa ölkələrindən fərqli olaraq Almaniya bölgəmizdə daimi sülhün, ardıcıl inkişaf proseslərinin olmasında müəyyən qədər maraqlıdır və bunun üçün imkanlarını ortaya qoymağa başlayıb.

Elə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkil olunması da Almaniyanın sülh prosesinə konstruktiv yanaşmasına bir nümunədir. Almaniya qonşuluğunda yerləşən, “alovun üstünə benzin tökən” və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir.

Görüşdə Prezident İlham Əliyev böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi, bu sahənin ikitərəfli münasibətlərimizdə mühüm rol oynadığını vurğuladı və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Görüşdə xüsusi bildirildi ki, Azərbaycan sülh prosesinə həmişə sadiqdir.

Beynəlxalq hüququn bütün normalarının Azərbaycanın tərəfində olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı son vaxtlar bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bunun təəssüf hissi doğurduğu qeyd olundu. Belə bir münasibət bu gün bir sıra beynəlxalq institutlar tərəfindən, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilsə də, heç bir reallığı əks etdirmir və verilən qeyri-adekvat bəyanatlar beynəlxalq hüququn normalarına ziddir.

Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ölkəmiz sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Sülh yolu ilə həllin beş əsas prinsipi işlənib hazırlandı, sülh müqaviləsinin mətninin layihəsi təqdim olundu. Bütün bunlar reallığı əks etdirən faktlardır.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button