Analitika

Azərbaycan ilə münasibətlərin normallaşması Ermənistan gələcəyi üçün böyük uğurdur

Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr Zəfər Gününə həsr olunmuş bəyanatında deyilir.

“Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin edildi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərində yaşamaq hüququ bərpa edildi”, deyə bəyanatda bildirilir.

Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edib. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyulub və Ermənistan öz məğlubiyyətini etiraf edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxarıb. Beləliklə də, münaqişə hərbi-siyasi yolla öz həllini tapıb.

30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilən qeyri-qanuni fəaliyyət, beynəlxalq hüquq pozuntuları, müharibə cinayətləri, o cümlədən urbisid, kultursid, ekosid cinayətlərinin araşdırılması və bu pozuntulara görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılıb və bu addımlar növbəti mərhələdə davam edəcəkdir. Günahkarların cəzalandırılması, ədalətin təmin olunması və gələcəkdə bu halların təkrarlanmasının qarşısının alınması baxımından vacibdir.

Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir. Münaqişənin bitməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və hər kəs bu reallıqları qəbul etməlidir. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button