Azərbaycan-Gürcüstan münasibətlərinin yeni dövründə növbəti uğurlar
Azərbaycan-Gürcüstan əlaqələri dövlətlərin və xalqların yaxın qonşuluq və dostluq münasibətlərinin ən yaxşı nümunələrindən biridir. Azərbaycanla Gürcüstanın qarşılıqlı etimada və çoxşaxəli əməkdaşlığa söykənən münasibətləri regionda sülhün, əminamanlığın və təhlükəsizliyin təmin olunması üçün də əlverişli zəmin yaradıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən logistik layihələr, nəqliyyat dəhlizləri marşrutlarının diversifikasiyası ilə bağlı atılan strateji addımlar çağdaş geosiyasi reallıqlar çərçivəsində öz əhəmiyyətini daha da artırıb. Hazırda dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir.
Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.. Həyata keçirilən irimiqyaslı layihələrin sayəsində ölkəmiz elektrik enerjisi ixracını artıracaq, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücü 10 gvt, Xəzərdə isə 157 gvt təşkil edəcək. Bakı Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımaları 5 milyon tona kimi artırılacaq. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı planlaşdırır. Nəqliyyat layihələri mövcud geosiyasi reallıqlar çərçivəsində həm Azərbaycanın, həm də Gürcüstanın tranzit imkanlarını və geostrateji əhəmiyyətini daha da artırmaq üçün əlverişli imkan yaradıb. Dünyada enerjiyə olan təlabatın artması Azərbaycanla Gürcüstanın mövqelərini daha da möhkəmləndirib və hər iki ölkənin vahid mövqedən çıxış etməklə öz maraqlarını təmin etmələri üçün zəmin formalaşdırıb.
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycan isə Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də bildirdiyi kimi, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə yüksəlib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfələr verəcək.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı