Analitika

Azərbaycan davamlı inkişaf edən ölkədir

Prezident İlham Əliyev cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir sıra mühüm məsələlərə toxundu və ciddi mesajlar verdi.

Son dövrlər bəzi dövlətlər ermənipərəstlikləri ilə açıq-aşkar ikili siyasət yeritsə də, onlardan fərqli olaraq baş verənlərə Almaniya neytrallıq nümayiş etdirir. Konkretləşdirsək, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.

Bütün dövlətlərin, birliklərin qarşısında alnımız açıq, üzümüz ağdır. Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Acı reallıqdır ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.

Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir.

Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür.

Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar.

Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək.

Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button