Analitika

Azərbaycan Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacaq

“Bu gün Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Təsadüfi deyil ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Azərbaycan malik olduğu potensialla və “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur. 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Sazişlə Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabel çəkiləcək. Məhz, bu ixrac yolu bütövlükdə Azərbaycanda istehsal olunacaq bərpaolunan enerjinin Avropa qitəsinə çıxarılmasına əlverişli şərait yaradacaq”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, qlobal enerji təhlükəsizliyi fonunda bərpaolunan enerji imkanlarının dəyərləndirilməsi və bu sahəyə sərmayələrin yatırılması Azərbaycan nümunəsini diqqət mərkəzinə gətirir: “Çünki Azərbaycanda mövcud olan müsbət investisiya mühiti çərçivəsində neft və qaz sektoruna böyük sərmayələr cəlb edilib. Bu gün də Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Hazırda isə hədəf bərpaolunan enerji sektorudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir. Bu da həm nəhəng potensial, həm də ixracın şaxələndirilməsi ilə bağlıdır. Bu mənada, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur ki, onun ixracı üçün kifayət qədər ixrac marşrutları lazımdır. Hazırda Azərbaycanın bərpaolunan enerji imkanlarının istehsalı və ixracı istiqamətində bir sıra müqavilələr də imzalanıb. Məsələn, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasından sonra Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimlərinin keçirilməsi, həmçinin BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqların aparılması deyilən fikrin əyani sübutlarıdır. Eləcə də 12 min meqavatlıq enerjinin istehsalının SOCAR və “Fortescue Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi də nəzərdə tutulur. Ümumlikdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər əsasında 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Beləliklə də, bütün bu çoxşaxəli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək”.

Ramil Vəlibəyov əlavə edib ki, COP29-un Azərbaycanda təşkil edilməsi də bir daha ölkəmizin yaşıl gündəliyini nümayiş etdirir.

Oxşar Xəbərlər

Back to top button