AnalitikaGündəmSiyasət

Ağdamın azadlığı: hərb və diplomatiyanın tarixi zəfəri

20 noyabr Azərbaycan xalqının hərb və siyasi tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Məhz 2020-ci ilin bu günü, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Ağdam rayonu siyasi-diplomatik yolla işğaldan azad edilərək Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə yalnız bir rayonun azadlığı deyil, həm də Azərbaycanın hərbi qüdrətinin diplomatik müstəvidə qazandığı mühüm nəticə, dövlətimizin strateji hədəflərinə ardıcıl və qətiyyətlə nail olmasının bariz nümunəsi idi.

Ağdamın siyasi yolla azad edilməsi xalqımız, dövlətimiz və ordumuz üçün bir neçə baxımdan müstəsna əhəmiyyət daşıyırdı. İlk növbədə, Ağdam düşmən tərəfindən illər ərzində güclü istehkamlarla möhkəmləndirilmiş, hərbi baxımdan mürəkkəb əraziyə çevrilmişdi. Şəhər və ətraf yaşayış məntəqələri sistemli şəkildə dağıdılmış, ərazi geniş miqyasda minalanmış, insanların doğma yurdlarına qayıdışını mümkünsüz etmək üçün məqsədyönlü dağıntılar həyata keçirilmişdi. Bu, sadəcə müharibənin vurduğu zərərin nəticəsi deyil, bütöv bir şəhərin tarixi yaddaşına, mədəni irsinə və gələcək həyatına qarşı yönəlmiş vandalizm siyasətinin təzahürü idi.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdamın azad edilməsindən cəmi üç gün sonra – 23 noyabr 2020-ci il tarixdə şəhərə səfəri zamanı qarşılaşdığı mənzərəni olduqca sərt ifadələrlə xarakterizə etmişdi. Dövlət başçısı bildirmişdi ki, bütün Ağdam şəhəri dağıdılıb və bu dağıntılar 1990-cı illərdə, gələcəkdə sülh müqaviləsi imzalanacağı təqdirdə belə, Azərbaycan xalqının geri dönüb burada yaşaya bilməməsi məqsədilə həyata keçirilib. Prezident, həmçinin ərazinin minalarla çirkləndirildiyini, ən çox minaların məhz Ağdamda yerləşdirildiyini vurğulamışdı.

Həqiqətən də, Ağdamın mənzərəsi ilə üzləşən hər kəs burada törədilmiş dağıntıların miqyasını və məqsədyönlülüyünü dərhal dərk edir. Şəhərin girişindən başlayaraq kilometrlərlə uzanan viranəlik, dağıdılmış yaşayış binaları, yerlə-yeksan edilmiş tarixi və ictimai tikililər, insan izlərinin silindiyi küçələr müharibənin ən ağır və amansız nəticələrini göz önündə canlandırır. Bir zamanlar Azərbaycanın ən abad və inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın bu vəziyyətə salınması müasir dövrdə bəşəri dəyərlərə, sivilizasiyaya və insanlıq prinsiplərinə qarşı törədilmiş ağır vandalizm aktıdır. Məhz buna görə də şəhərin “Qafqazın Xirosiması” adlandırılması onun üzləşdiyi dağıntıların miqyasını ifadə edən ağrılı, lakin reallığı əks etdirən bir təsvirə çevrilib.

Ağdamın azad edilməsinin hərbi-strateji tərəfi də xüsusi diqqətə layiqdir. Əgər 44 günlük müharibənin gedişində bu istiqamətdə genişmiqyaslı döyüş əməliyyatlarına ehtiyac yaransaydı, qarşıda Azərbaycan Ordusunu kifayət qədər mürəkkəb hərbi maneələr gözləyirdi. Düşmənin illərlə qurduğu istehkamlar, minalanmış ərazilər və müdafiə mövqeləri əməliyyatların aparılmasını çətinləşdirə, canlı qüvvə və texnika baxımından əlavə itkilərə səbəb ola bilərdi. Üstəlik, hava şəraitinin getdikcə sərtləşməsi də hərbi əməliyyatların gedişinə təsir göstərə biləcək amillərdən idi. Əlbəttə, Şuşa kimi son dərəcə mürəkkəb relyefə və əlverişsiz hərbi mövqeyə malik şəhəri qəhrəmanlıq və peşəkarlıqla azad edən Azərbaycan Ordusunun Ağdamı da düşmən işğalından qurtarmağa qadir olduğuna heç bir şübhə yoxdur. Lakin dövlətimizin siyasi iradəsi və diplomatik məharəti nəticəsində bu ərazinin genişmiqyaslı döyüşlər aparılmadan geri qaytarılması əlavə itkilərin qarşısını almaqla yanaşı, müharibənin nəticələrinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Bu baxımdan Ağdamla yanaşı, Kəlbəcər və Laçının da 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq döyüş əməliyyatları aparılmadan Azərbaycanın nəzarətinə qaytarılması hərb və diplomatiyanın uzlaşdırılmasının parlaq nümunəsi kimi tarixə düşdü. Bu nəticə bir daha göstərdi ki, Azərbaycanın hərbi uğurları diplomatik müstəvidə də dövlətimizin mövqelərini gücləndirmiş, qarşıya qoyulan strateji məqsədlərə nail olmaq üçün əlverişli şərait yaratmışdı.

Bu gün Ağdam artıq işğalın və dağıntıların yaratdığı faciəli mənzərəni arxada qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Vaxtilə Azərbaycanın mühüm sənaye və iqtisadi mərkəzlərindən biri olmuş şəhər öz əvvəlki potensialını bərpa etmək, daha müasir infrastruktura malik yaşayış və istehsal məkanına çevrilmək istiqamətində sürətlə inkişaf edir. Burada genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yeni yaşayış məhəllələri salınır, sosial infrastruktur formalaşdırılır, məktəblər, uşaq bağçaları, parklar və ictimai məkanlar inşa edilir. Ağdam Sənaye Parkının yaradılması isə rayonun iqtisadi həyatının canlandırılması, yeni iş yerlərinin açılması və sənaye potensialının bərpası baxımından mühüm addımlardan biridir.

Daha mühüm məqam isə Ağdamın yenidən insanların yaşadığı, qurub-yaratdığı, gələcəyə inamla baxdığı doğma yurda çevrilməsidir. Vaxtilə düşmən tərəfindən Azərbaycanın xəritəsindən silinmək istənilən Ağdam bu gün dövlətimizin gücü, xalqımızın iradəsi və quruculuq əzmi sayəsində yenidən dirçəlir. “Qafqazın Xirosiması” kimi tanınan şəhərdən Azərbaycanın parlayan inkişaf mərkəzlərindən birinə doğru uzanan bu yol tarixi ədalətin bərpasının, milli iradənin və Zəfər ruhunun təcəssümüdür. Əminik ki, çox da uzaq olmayan gələcəkdə Ağdam öz doğma sakinlərinin hər birini yenidən qoynuna alacaq, onların səsi, nəfəsi və quruculuq əzmi ilə əvvəlkindən də gözəl və əzəmətli şəhərə çevriləcək.

Bu tarixi günün bizə yaşatdığı qürur və sevincin arxasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi dayanır. Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın rəşadətli Azərbaycan Ordusu! Yaşasın azad Ağdam!

Xəyalə Cavanşirli,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button