2025-ci ilin yanvar ayında Azərbaycan 20 Yanvar hadisələrinin 35 illiyini andı. Bu gün, Azərbaycan xalqının tarixinə qanla yazılmış, müstəqillik və azadlıq mübarizəsinin simvoluna çevrilmiş bir gün olaraq yaddaşlara yazılmışdır.
1990-cı ilin 19-20 yanvar tarixində Bakıda baş verən qanlı hadisələr, Sovet İttifaqının repressiv gücünü və Azərbaycan xalqının müstəqillik istəyini simvollaşdıran bir dönüm nöqtəsi oldu. 1980-ci illərin sonlarına doğru Sovet İttifaqı öz daxili çətinlikləri ilə üzləşirdi. Mərkəzləşdirilmiş idarəetmənin zəifləməsi, iqtisadi böhran və siyasi təlatümlər, Sovet respublikalarında müstəqillik və azadlıq tələblərinin güclənməsinə səbəb olmuşdu. 1988-ci ildən başlayaraq, bədnam qonşuların “Dağlıq Qarabağ münaqişəsi” adı altında etdiyi təzyiq, xalqımızın müstəqillik və azadlıq istəyini artırmışdı. Artıq 1990-cı ilin əvvəlində Azərbaycan xalqı, Sovet İttifaqından tam müstəqillik tələb edirdi.
Yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Bakı şəhərinə silahlı qüvvə yeridərək, əhali tərəfindən təşkil edilən dinc etirazları zorla dağıtmaq, Azərbaycanın müstəqillik tələblərini boğaraq, onları cəzalandırmaq məqsədi güdürdü. Sovet qoşunları ağır silahlarla təchiz olunmuş şəkildə, şəhərə daxil olaraq, dinc nümayişçilərə qarşı zorakılığa başlamışlar. Bakı şəhərinin müxtəlif istiqamətlərinə, xüsusən də Azadlıq meydanında toplaşan silahsız əhaliyə qarşı ağır silahlar vasitəsi ilə hücum etmişlər. Sovet qoşunları tərəfindən həyata keçirilən bu müdaxilə, Azərbaycanın müstəqillik hərəkatına qarşı olan ən sərt tədbirlərdən biri idi. Bu hadisə “Qanlı Yanvar” olaraq tariximizə düşdü və Sovet İttifaqının totalitar hakimiyyətinin simvolu kimi yaddaşlarda qaldı.
“20 Yanvar” xalqımızın müstəqillik hərəkatının təkan nöqtəsi oldu və bu hadisənin ardından Azərbaycan, öz müstəqil dövlətinə doğru irəlilədi. Ancaq bu hadisələrə siyasi-hüquqi qiymət verilməsi uzun illər ərzində mümkün olmadı. Sovet rejiminin totalitar xarakteri və Azərbaycan rəhbərliyinin bu hadisələrə münasibəti, həmin dövrdə bu faciəyə obyektiv qiymət verilməsini əngəlləyirdi. Lakin, Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda 1990-cı il noyabrın 21-də verdiyi təşəbbüs, bu faciəyə hüquqi qiymət verilməsi yolunda böyük bir addım oldu. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı olan Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Hər ilin 20 Yanvar günü, yalnız faciəvi bir hadisə kimi deyil, həm də Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsinin göstəricisi kimi qeyd olunur. Dövlətin və xalqın birliyi ilə keçirilən anma mərasimləri, şəhidlərin əziz xatirəsinin yad edilməsi və onların qanı bahasına qazanılan müstəqilliyin dəyərinin təbliğ edilməsi ən vacib məsələmizdir.
20 Yanvar hadisələri, sadəcə Azərbaycanın tarixinə yazılmaqla qalmadı, həm də dünya azərbaycanlılarının təşkilatlanmasında mühüm bir dönüş nöqtəsi oldu. Sovet qoşunlarının Bakı şəhərinə daxil olaraq dinc əhaliyə qarşı silahlı müdaxiləsi bütün dünya azərbaycanlılarının narazılığını artırdı. Diasporanın Azərbaycanla bağlı daha çox məlumat yaymasını təmin etdi və müstəqil Azərbaycanın haqqını müdafiə etmək üçün beynəlxalq səviyyədə böyük bir etiraz dalğası yaratdı. Milli kimlik, bir xalqın öz tarixində, mədəniyyətində, adət-ənənələrində, dilində və dəyərlərində özünü tapması, həmin xalqın öz varlığını tanıması və qorumasıdır. 20 Yanvar hadisələri, bu mənada Azərbaycan xalqının öz kimliyini və müstəqillik istəyini daha güclü şəkildə ifadə etməyə başladığı bir dövrün başlanğıcı oldu. Xalqın bu ağır günlərdə birləşməsi, milli şüurun yüksəlməsi və bu faciənin nəticələrini unutmadan, müstəqillik uğrunda mübarizəni davam etdirməsi, Azərbaycanın milli kimliyinin güclənməsinə təkan verdi.
Xalqımızın qəhrəmanlıq və fədakarlıqla dolu tarixi, hər bir Azərbaycanlını qürurlandırır və gələcəyə inamla baxmağa səbəb olur. Bu hadisənin 35 illiyi, yalnız şəhidlərin xatirəsinin əziz tutulması ilə deyil, həm də Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində xalqın birliyinin nümayişi ilə qeyd edilir. 20 Yanvar hər bir Azərbaycanlının qəlbində, yaddaşında yaşayan bir tarixdir və xalqın müstəqillik, azadlıq istəyinin gücləndirilməsi, bu uğurda verdiyi şəhidlərin simvolu olaraq, Azərbaycan tarixində əbədi qalacaqdır.
Ülviyyə Məmmədova,
Xəzər rayonu, 26 nömrəli tam orta məktəbin direktor müavini