AnalitikaDünyaGündəmSiyasət

Türk və Qafqaz Dünyasının Qovuşağı: Bakıda Həmrəylik Zirvəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal sülhə və dinlərarası dialoqa yönəlmiş məqsədyönlü siyasəti ölkəmizi mühüm beynəlxalq platformaların mərkəzinə çevirib. Sentyabrın 15-də Prezident İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Yəhya Bakuvi Beynəlxalq Konfransı iştirakçılarından ibarət geniş tərkibli nümayəndə heyətini qəbul edərək, Türk və İslam dünyasının həmrəyliyinə verdiyi yüksək önəmi bir daha nümayiş etdirdi. Bu görüşdə TDT-nin Baş katibi, Türkiyə, Qazaxıstan, Özbəkistan kimi qardaş ölkələrin və Şimali Qafqaz respublikalarının ali dini idarə rəhbərlərinin iştirakı Azərbaycanın geostrateji və mənəvi coğrafiyadakı həlledici rolunun təsdiqi idi. Dövlət başçısı dini liderlərin birgə fəaliyyətinin bölgəmizə və bütün dünyaya çox ciddi, birmənalı sülh mesajları verdiyini xüsusi qeyd etdi.

Prezident İlham Əliyev nümayəndə heyəti ilə söhbətində Azərbaycanın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nadir incilərdən, böyük söz və fikir adamlarından ətraflı bəhs etdi. Seyid Yəhya Bakuvinin irsinə həsr olunmuş konfransın məhz bu günlərdə keçirilməsinin rəmzi xarakter daşıdığını bildirən dövlət başçısı, Nizami, Nəsimi, Füzuli kimi mütəfəkkirlərin yaratdığı irsin bu gün də İslam aləmi üçün mənəvi bələdçi olduğunu vurğuladı. Eyni zamanda, Prezident İlham Əliyev qədim dövlətçilik tariximizə nəzər salaraq Qafqaz Albaniyasının və Atabəylər dövlətinin mövcud olduğu Azərbaycan torpaqlarının Türk dünyası ilə Qafqazın vəhdət təşkil etdiyi vahid coğrafiya olduğunu, TDT-yə üzv yeganə Qafqaz ölkəsi kimi üzərimizə düşən tarixi missiyanı uğurla həyata keçirdiyimizi qonaqların diqqətinə çatdırdı.

Görüşdə dünyadakı mürəkkəb çağırışlar qarşısında İslam birliyinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev, bəzi xarici qüvvələrin müsəlman aləmini parçalamaq cəhdlərindən danışdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda daim barışdırıcı qüvvə kimi çıxış edir və ziddiyyətlərin həllinə çalışır. IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsini tarixi nailiyyət kimi xatırladan Prezident, gələn il ölkəmizin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün bu istiqamətdə atılmış daha bir qətiyyətli addım olacağını vurğuladı. O, bu zirvə görüşünə qədər müsəlman ölkələri arasındakı bəzi toqquşmaların başa çatacağına və İslam dünyasının vahid güc kimi çıxış edəcəyinə böyük ümid bəslədiyini bildirdi.

Çıxışında xalqımızın qəhrəmanlıq salnaməsindən fəxrlə danışan Prezident İlham Əliyev dini liderlərin Qarabağa edəcəkləri səfərin reallıqların canlı şahidi olmaq baxımından əhəmiyyətini qeyd etdi. Ermənistanın işğal dövründə 65 məscidi yerlə-yeksan etməsi, xalqımızın milli sərvətlərini talan etməsi kimi faktları xatırladan dövlət başçısı, bunun təkcə Azərbaycana deyil, bütün İslam sivilizasiyasına təhqir olduğunu bildirdi. Prezident İlham Əliyev qətiyyətlə vurğuladı ki, bu gün “Kim güclüdür, o da haqlıdır” prinsipinin hökm sürdüyü dünyada Azərbaycan xalqı öz şəhidlərinin qanı və hərbi qüdrəti bahasına ədaləti bərpa etmişdir. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda artıq 90 mindən çox insanın məskunlaşması isə Azərbaycan dövlətinin gücünü, sarsılmaz iradəsini və əbədi qələbəsini nümayiş etdirir.

Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button