AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

17 Oktyabr – Füzuli Şəhəri Günü Zəfərin, Dirçəlişin və Qayıdışın Təcəssümü

Hər bir xalqın tarixik salnaməsində elə günlər var ki, onlar sadəcə təqvim tarixi deyil, milli qürurun, ədalətin və dirçəlişin rəmzinə çevrilir. Azərbaycan xalqı üçün belə unudulmaz günlərdən biri də 17 oktyabr – Füzuli Şəhəri Günüdür.

2020-ci ilin 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhəri və ətraf kəndləri 30 ilə yaxın davam edən işğaldan azad edildi.

Füzulinin azad olunması təkcə strateji hərbi uğur deyildi, həm də Cəbrayıl və Hadrutdan sonra Qarabağın qəlbinə, Şuşaya doğru gedən zəfər yolunun ana xətti idi. Füzuli əməliyyatı hərb tariximizə ən ağır və mürəkkəb döyüş tapşırıqlarından biri kimi daxil oldu. Düşmənin illərlə qurduğuþ mühəndis-istehkam xətləri, keçilməz hesab edilən “Onyan xətti” məhz füzulili qəhrəmanların və mərd əsgərlərimizin rəşadəti ilə darmadağın edildi.

İşğal dövründə Füzuli şəhəri büsbütün yerlə-yeksan edilmiş, vandalizmə məruz qalmışdı. Lakin azadlıqdan dərhal sonra başlayan böyük quruculuq işləri Füzuliyə yeni həyat bəxş etdi. Bu gün Füzuli sürətli inkişafın və müasir memarlığın nümunəsinə çevrilməkdədir:

Qısa müddətdə tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı regionun nəqliyyat və logistika mərkəzinə çevrildi.

Şəhər “Ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulur, müasir infrastruktur, məktəblər, uşaq bağçaları və xəstəxanalar inşa edilir.

Füzuli sakinləri illərlə həsrətində olduqları doğma ocaqlarına – müasir, rahat və təhlükəsiz evlərinə geri dönürlər.

17 Oktyabr – Füzuli Şəhəri Günü təkcə keçmişin kədərini deyil, gələcəyin işıqlı ümidlərini təcəssüm etdirir. Bu gün Füzuli öz əvvəlki mədəni ruhunu, şeir-sənət ocağı imicini bərpa edir. Düşmənin viran qoyduğu torpaqlarda indi yeni binalar ucalır, uşaq gülüşləri eşidilir və həyat öz axarına qayıdır.

Füzulinin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfalar diləyirik.

Füzuli Şəhəri Günün mübarək, Azərbaycan!

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button