Bu Qələbə həm də Sovet İttifaqı tərkibində yaşamış xalqların birgə mənəvi sərvətidir
İkinci dünya müharibəsində Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Qeyd etmək lazımdır ki, bu qələbə Azərbaycan xalqına asan başa gəlmədi. Yüz minlərlə həmvətənimiz, oğul və qızları bunun üçün canlarından-qanlarından keçdilər. İkinci Dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu sovet vətəndaşları idi ki, onların arasında Azərbaycandan cəbhəyə gedən 300 mindən çox soydaşımız vardı. Onlar el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular. Biz Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.
Azərbaycanın Qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmamışdır. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıq göstərərək gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.
Bu mənada Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. O çətin və ağır günlərdə özlərinin rəşadətli əməyi ilə qəhrəmanlıq nümunələri göstərən Bakı neftçilərinin, azərbaycanlı alimlərin xatirəsini fundamental tədqiqatlarla, sanballı kitablarla əbədiləşdirmək olduqca vacibdir. Çünki onlar bu haqqı canları, qanları bahasına qazanıblar. Xalqımız tarixin bu çətin, olduqca da sərt sınağı qarşısında mətanətlə durdu, geri çəkilmədi. Əksinə, qorxu bilmədən düşmənin üstünə şığıdı. Ölümü, aclığı, qıtlığı, dözülməz isti, ilik donduran soyuqlu günləri dəf edib, dözümlülük nümayiş etdirdi. Sivilizasiyamızı bu vəbadan xilas etməkdə planetimizin bütün tərəqqipərvər qüvvələri ilə bir sırada dayandı.
Bakıda müharibənin ilk günündən cəbhəni vaxtlı-vaxtında neft və neft məhsulları ilə təmin etmək üzrə aparılan işlər daha da genişlənirdi. Neftçilər, sözün əsl mənasında, möcüzələr yaradırdı. Nikolay Baybakov Bakı neftçilərinin qəhrəmanlığını belə xarakterizə edirdi: “Onlar dəbli ayaqqabılarını çıxarıb, kirz çəkmələr geydilər. Bəzəkli şlyapalarını bir qırağa atıb başlarına qulaqlı, ağır papaq keçirdilər. Qadınlar heç bir işdən qorxmurdu. Hətta buruq qazma işlərində də çalışırdılar!”
Azərbaycanın paytaxtı SSRİ-nin Şərq rayonlarında “İkinci Bakı”nın yaradılmasında olduqca vacib, müstəsna rol oynadı. Azərbaycan neft sənayesinin bütün istehsal-texniki və intellektual potensialı həmin bölgələrdəki yeni yataqların mənimsənilməsinə səfərbər edildi. Ən qısa müddətdə, cəmisi bir neçə həftə ərzində, respublikanın neftçıxarma kadr və texniki-istehsal potensialının həlledici hissəsi, 12 min nəfərdən çox ixtisaslı neftçi kadrı, on min tonlarla neft sənayesi avadanlıqları Bakıdan ölkənin Şərqinə yola salındı. Bu, sözün əsl mənasında, Azərbaycanın neft sənayesinə güclü zərbə idi və uzun müddət respublikamızda neft sənayesinin inkişafına təsir etdi.
Bəli, Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində sovet ittifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşdü. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə deyirdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi… O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi…”
Ümumilikdə 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, onun da 75 milyon tonu Azərbaycanın payına düşmüşdü.
Təəssüf ki, müharibədən sonra sovet rəhbərliyi Bakının Qələbənin əldə edilməsində tarixi rolunu qiymətləndirmədi. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Rusiya alimi və politoloqu A.Sevastyanov bu barədə yazır: “Müharibədən sonrakı illərdə bayramlarda, ildönümlərində sovet rəhbərlərindən kiminsə Qələbədə Bakı neftinin rolu haqqında durub danışmağını heç xatırlamıram. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Yada düşmədi, görmədilər, gözə dəymədi, sənəd çatmadı və sair və ilaxır… Mükafatlarla bağlı bunlar bir qayda olaraq baş verir. Axı, həqiqətin gözünə gərək düz baxasan! Azərbaycan nefti olmasaydı, müharibə uduzulacaqdı. SSRİ-nin taleyi 1941-ci və 1942-ci illərin payızında nazik simdən asılı qaldı. Bakı neftçilərinin sayəsində bu nazik sim qırılmadı. Hər beş təyyarədən, tankdan, avtomobildən dördü Bakının neft mədənlərindən çıxarılan neftlə, Bakının neft emalı zavodlarında alınan benzin və solyarka ilə doldurulurdu”.
Ümumilikdə Bakının yerli sənayesi müharibənin gedişində ölkənin sənaye məhsullarına olan tələbatının ödənilməsində tarixi xidmətlər göstərib.
Digər faktlar da Azərbaycanda xalq təsərrüfatının müharibə illərindəki fədakar əməyindən xəbər verir. Belə ki, müharibə illərində respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdir.
İlk Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı İsrafil Məmmədovun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, əfsanəvi partizan, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin, sinəsini düşmən pülemyotuna sipər edən Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, Fransada qəhrəmanlıq göstərən Əhmədiyyə Cəbrayılovun şücaətləri xalqımıza xas mərdlik və igidliyin tərənnümü idi. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusunun Polşaya hücumu zamanı Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Çox sayda vətən övladları müxtəlif orden və medallarla təltif olundu.
Bu Qələbə həm də Sovet İttifaqı tərkibində yaşamış xalqların birgə mənəvi sərvətidir. Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir. Lakin vətənimiz indi də müharibə vəziyyətindədir. Bir vaxtlar alman faşizminə qarşı mübarizə aparan Azərbaycan indi erməni faşizmi ilə üz-üzədir. Torpaqlarımızın bir qismi Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ heç də dünənin “nifaq alması” deyildi. Bu, “almanın” asıldığı sapdan yapışıb getsək, neçə-neçə əsrləri adlayıb, tarixin daha dərin qatlarına gəlib çıxarıq. Böyük Vətən müharibəsi başlayar-başlamaz öz maraqlarını güdən ermənilər tarixin bu dönəmində də fürsətdən istifadə etməyi düşündülər.
Ancaq Böyük Vətən müharibəsinin təcrübəsi göstərir ki, xalqımızın malik olduğu təbii sərvətləri kimi, onun insan resursları, mərdlik, qəhrəmanlıq, hünər mənbələri də bitib-tükənən deyil. Torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə – torpaqlarımızı işğaldan azad etməyə səsləyir.
2016-cı ilin Aprel döyüşləri, Cocuq Mərcanlının azad edilməsi göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Əgər sülh danışıqları nəticəsiz qalarsa və Ermənistan təcavüzkar siyasətini həyata keçirməkdə davam edəcəksə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz sözünü deyəcək və o zaman Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs missiyasını layiqincə yerinə yetirərək pozulmuş ərazi bütövlüyümüzü bərpa edəcək.
Böyük Vətən müharibəsinin qalibləri bu amansız müharibədə böyük itkilər vermiş xalqlardır. Azərbaycan xalqı da bu Qələbənin qazanılmasına kifayət qədər böyük töhfələr verib, istər ön cəbhədə, istərsə də arxa cəbhədə. Bu xalqımızın qürur tarixidir. Bu Qələbə bizim şərəfli keçmişimizin göstəricisidir. İndi qarşımızda dayanan ən böyük vəzifələrdən biri xalqımızın bu Qələbənin əldə edilməsindəki tarixi xidmətlərini təbliğ etmək, nəsildən-nəslə ötürməkdir. Çünki Azərbaycan xalqının bu Qələbədəki rolunun kiçildilməsinə, hətta bu Qələbənin xalqımızın tarixi baxımından əhəmiyyətinin heçə endirilməsinə indi cəhdlər var. Lakin keçmişinə xor baxan gələcəyini qura bilməz. Ona görə biz keçmişimizi daha dərindən öyrənməli və təbliğ etməliyik ki, müstəqilliyimizi daha da möhkəmləndirək, dövlətçiliyimi daha qüdrətləndirək. Prezident İlham Əliyevin dediyi kimi “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik.
Fikrət Orucov,
YAP-ın gənc fəalı