Analitika

Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi

Hər xalqın dirçəlişi, dünya arenasında öz sözünü deməsi, XXI əsrin sürətlə qloballaşan dinamik strukturuna hansı dərəcədə adaptasiya olunmasından xeyli dərəcədə asılıdır. Bu zaman əsas məsələ millətin bütün təbəqələrinə xitab edən inteqrativ ideyanın, yəni əsl milli məfkurənin mövcudluğu və dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.

Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab olunur. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.

Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının- dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.

Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi. Əgər Heydər Əliyevə qədər bu ideya əsasən etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək ümumi ideyalar sisteminə-dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.

Ulu öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini ən yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən “sabitlikdən inkişafa doğru” ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən ulu öndərin bu müdrik sözləri yada düşür: “Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır”.

Rəna Suleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button