Analitika

Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi

Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı. Respublikanın inkişafı getdikcə ləngidi və bu, əhalinin sosial vəziyyətinə məntiqi təsir göstərməyə başladı. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan ittifaq səviyyəsindən geri qalırdı. Və bu gerilik getdikcə artırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu.

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan (daha doğrusu çıxarılan!) bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin – SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.

Bunu isbat etmək üçün müstəqilliyimizə qədər olan dövr ərzində Moskvanın və oradakı antiazərbaycan qüvvələrin bütün ciddi maneələrinə rəğmən Azərbaycanda strateji əhəmiyyətli obyektlərin inşasına nail olmasından tutmuş bütün sahələrdə yüksək ixtisaslı azərbaycanlı kadrların hazırlanmsı və strateji postlara yerləşdirilməsinədək kifayət qədər dəlillər vardır. İkinci dünya müharibəsindən sonra fövqəlgücə çevrilərək dünyanın iki qütbündən birinə rəhbərlik edən Sovetlər İttifaqının ən yüksək inkişaf etdiyi dönəmdə onun gələcəyini şübhə altına alan və nə vaxtsa Azərbaycanın yenidən müstəqil dövlət olacağını bəyan edən bu addımların nə dərəcədə təhlükəli olduğunu anlamaq çətin deyil. Eyni dühanın və uzaqgörən siyasətin müstəqilliyimizin bərpasından sonra da bu prosesi davam etdirərək, Azərbaycanın müstəqilliyinin sığorta şəhadətnaməsi olan və onu alov çəmbərinin mərkəzində sülh, təhlükəsizlik və sabitlik adasına çevirən “Əsrin müqaviləsi”nin imzalanması kimi, böyük gələcəyə hesablanmış bir çox addımlarını da qeyd edə bilərik.

Ancaq, dediyim kimi, mən Heydər Əliyevin hətta hər an həyatı bahasına başa gələ biləcəyini anlasa belə, xalqına olan bağlılıqdan və azərbaycanlıların da onun ətrafında daim sıx birləşməyə hazır olmalarından ruhlanıb atdığı bu addımlarından danışmaq fikrində deyiləm. İnformasiya bolluğunda yaşadığımız hazırki dönəmdə bu barədə kifayət qədər məlumatların mövcud olduğunu nəzərə alıb özündən uzun illər, yəni iyirmi ilə yaxın müddət sonra bütün dünyaya məlum olan və Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü bütün xidmətləri kölgə altında qoyacaq qədər böyük bir planından danışmaq istərdim. Çünki bu və ya digər formada hər bir dahi lider və görkəmli dövlət xadimi xalqı və dövləti üçün böyük işlər görür ki, qeyd etdiyim kimi, bunu Heydər Əliyev də ən mükəmməl şəkildə Azərbaycan üçün edib. Heydər Əliyevin bu işlərini onun şəxsiyyətinə olan münasibətindən asılı olmayaraq hər bir azərbaycanlı və Azərbaycan barəsində məlumatlı olan istənilən insan da açıq şəkildə təsdiq edir.

Hər şeyi öncədən çox güclü məntiq və riyazi dəqiqliklə hesablayan, hətta onilliklər öncə dünyaya meydan oxuyan nəhəng bir gəminin batmağa doğru getdiyini anlayan bir zəka təbii ki, dünya okeanlarına yan almaq üçün yenicə dənizlərdə üzməyə başlayan Azərbaycan adlı gəminin batmaması üçün sonrakı kapitanını da düşünməmiş deyildi. Prezident olduğu 10 il ərzində taleyüklü bu məsələdə yanlışa yol verməmək və daha uğurlu seçim etmək üçün çoxlu namizədləri də nəzərdən keçirib. Çünki burda onun üzərinə təklif və təşəbbüs düşsə də, seçim edəcək və son sözü deyəcək ona və seçiminə etimadı sonsuz olan Azərbaycan xalqı idi. Məhz buna görə, 2003-cü il seçkilərində üzünü ona tam inanan xalqına tutub İlham Əliyevə işarə edərək dedi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, İlham Əliyevi dəstəkləməyə çağırıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bəli, düz 17 il sonra onun inandığı və xalqını da inandırdığı Prezident İlham Əliyev sələfi Heydər Əliyevin planlaşdırdığı və həyata keçirməyə macal tapmadığı, işğala son qoyub, bütöv və şuşalı Azərbaycan adlı missiyanı uğurla reallaşdırdı. Təbii ki, belə böyük və tarixi bir missiyanın uğurla həyata keçirilməsi üçün təkcə uğurlu xələfin seçilməsi də kifayət etmir. Hər addımını mahir bir siyasətçi və uzaqgörən lider kimi hesablayan Ulu öndər Heydər Əliyev siyasi varisinin ətrafını və gələcəkdə amansız mübarizədə onunla çiyin-çiyinə vuruşacaq silahdaşlarını da gözdən keçirməmiş olmazdı. Hələ, Azərbaycan KP MK-nın birinci katibi olarkən təcrübə toplamaq üçün özü ilə önəmli tədbirlərə apardığı gənc İlham Əliyevin ən yaxın, etibarlı və ömürlük silahdaşı olacaq Mehriban xanım Əliyeva ilə bağlı ən önəmli seçimdə də Heydər Əliyevin əhəmiyyətli rolu şübhəsizdir.Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü intəhasız əhəmiyyətli və çox böyük işlərin çoxunu üstələyən İlham Əliyevə inamı bir daha sübut etdi ki, şəxsiyyət və lider özündən onilliklər sonranı da dəqiq hesablamaq bacarığına malikdir. Tarix və zaman onu da göstərdi ki, əsl rəhbərin və həqiqi liderin ən güclü keyfiyyəti dövlətini özünün şəxsiyyəti ilə eyniləşdirməsində deyil, xalqının və dövlətinin taleyinə görə özündən sonra da narahat olmasında və onu daha böyük işlər görməyə qadir bir liderə etibar etməyə nail olmasındadır. Çünki Konstitusiyamıza görə də Azərbaycan dövlətinin başçısı özünün deyil, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Heydər Əliyev də özündən sonra dövlətçiliyimizin varisliyini ən uğurlu şəkildə təmin edərək onu daha genişmiqyaslı imkan, bacarıq və keyfiyyətlərə malik liderə – İlham Əliyevə etibar etmək üçün Azərbaycan xalqını inandıra bildi.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button