Rəşadət Xalıqov: Ağdam Şəhəri Günü milli qürurun və tarixi Zəfərin rəmzi olaraq xalqımızın yaddaşında daim yaşayacaq

“20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində mühüm siyasi və ictimai əhəmiyyət daşıyan əlamətdar gündür. Bu tarix ölkəmizin ərazi bütövlüyünün bərpası, Qarabağda yeni inkişaf mərhələsinin başlanması və Böyük Qayıdış strategiyasının uğurla həyata keçirilməsi baxımından xüsusi məna kəsb edir. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərin mühüm nəticələrindən biri oldu. Bu hadisə Azərbaycanın regionda yaratdığı yeni reallıqların və milli maraqların qətiyyətlə müdafiəsinin təzahürü idi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi təsis edilməsi bu əlamətdar tarixin dövlətçilik tariximizdəki yerini daha da möhkəmləndirdi”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkiıatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətimizin azad edilmiş ərazilərin inkişafına verdiyi xüsusi önəmin göstəricisidir. Şəhərin Baş planı əsasında müasir infrastrukturun yaradılması, yeni yaşayış komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin, sosial və mədəniyyət obyektlərinin tikintisi Ağdamın gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Ağdamın iqtisadi potensialının bərpası və genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Ağdam Sənaye Parkının fəaliyyəti, yeni istehsal müəssisələrinin yaradılması, sahibkarlığın təşviqi və investisiya imkanlarının genişləndirilməsi şəhərin Qarabağın aparıcı iqtisadi mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Eyni zamanda, nəqliyyat və logistika infrastrukturunun inkişafı Ağdamın regional iqtisadi əlaqələrdə mövqeyini daha da gücləndirir. Bütün bunlar Qarabağın uzunmüddətli və davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
“Böyük Qayıdış proqramı çərçivəsində Ağdamda həyata keçirilən tədbirlər isə dövlət siyasətinin ən mühüm sosial istiqamətlərindəndir. Doğma torpaqlarına qayıdan sakinlər üçün müasir yaşayış evlərinin, məktəblərin, uşaq bağçalarının və digər zəruri sosial obyektlərin istifadəyə verilməsi yeni həyatın başlanğıcını təmin edir. Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində aparılan quruculuq işləri bu prosesin real nəticələridir. Məqsəd keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında təhlükəsiz, rahat və firavan həyat sürmələrini təmin etməkdir. Şəhərin zəngin mədəni irsinin qorunması, tarixi abidələrin bərpası və mədəni həyatın canlandırılması da diqqət mərkəzindədir. İmarət Tarix-Memarlıq Muzey Kompleksi, Ağdam Muğam Mərkəzi və digər mədəniyyət məkanları şəhərin milli-mənəvi dəyərlərinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir”.
Rəşadət Xalıqov əlavə edib ki, bütün bu proseslər Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini təsdiqləyir. Dövlət başçımızın azad edilmiş ərazilərə mütəmadi səfərləri, layihələrin icrasına göstərdiyi diqqət və nəzarət Qarabağın sürətli dirçəlişinə mühüm töhfə verir. Ağdamın timsalında Azərbaycan dünyaya nümayiş etdirir ki, güclü dövlətçilik, milli birlik və düzgün müəyyən edilmiş inkişaf strategiyası ən böyük hədəflərə çatmağın əsas şərtləridir.
Onun sözlərinə görə, Ağdam bu gün gələcəyin şəhəri kimi formalaşır. Burada ucalan hər yeni bina, yaradılan hər istehsal müəssisəsi, açılan hər sosial obyekt Azərbaycanın quruculuq əzmini nümayiş etdirir. 20 Noyabr – Ağdam Şəhəri Günü isə bu böyük inkişaf yolunun, milli qürurun və tarixi Zəfərin rəmzi olaraq xalqımızın yaddaşında daim yaşayacaq.



