
Ağdam Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, tarixi və mənəvi dəyərləri ilə seçilən şəhərlərimizdəndir. Bu şəhər Qarabağın zəngin mədəniyyətini, qədim yaşayış ənənələrini və xalqımızın yaradıcı ruhunu özündə birləşdirir. Ağdamın adı ilə bağlı olan xatirələr, onun tarixi məkanları və insanlarının doğma yurda bağlılığı Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Bu şəhərin taleyi xalqımızın yaşadığı sınaqları, mübarizəni və nəhayət, əldə etdiyi tarixi Zəfəri özündə əks etdirir.
İşğal illərində Ağdamın başına gətirilən müsibətlər şəhərin tarixində qara səhifə kimi qaldı. Bir vaxtlar abad küçələri, yaşayış evləri, məktəbləri və mədəniyyət ocaqları ilə tanınan şəhər dağıntılara məruz qaldı. Doğma yurdlarından didərgin düşən insanlar uzun illər başqa bölgələrdə yaşamaq məcburiyyətində qaldılar. Lakin onların qəlbində Ağdam sevgisi daim yaşadı. Bu sevgi nəsillər arasında ötürüldü, uşaqlara doğma şəhərin tarixi və gözəllikləri haqqında danışıldı, qayıdış ümidi heç vaxt sönmədi.
2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Bu hadisə xalqımızın haqq mübarizəsinin, dövlətimizin siyasi iradəsinin və Ordumuzun qəhrəmanlığının nəticəsi idi. Hazırda şəhərdə aparılan genişmiqyaslı bərpa işləri Ağdamın yeni simasını formalaşdırır. Müasir şəhər infrastrukturu, yaşayış məhəllələri, sosial obyektlər və iqtisadi layihələr şəhərin inkişafına xidmət edir. Eyni zamanda, tarixi abidələrin qorunması və mədəni irsin yaşadılması Ağdamın özünəməxsus kimliyinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu əlamətdar gün xalqımızın həm keçmişinə ehtiramını, həm də gələcəyə inamını ifadə edir. Ağdamın yenidən qurulması dövlətimizin gücünü, xalqımızın əzmini və doğma torpaqlara olan sevgisini nümayiş etdirir. Şəhərin sakinlərinin öz yurdlarına qayıtması, yeni evlərdə məskunlaşması və burada yenidən həyat qurması Zəfərimizin ən gözəl nəticələrindəndir. 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə hər bir ağdamlıya xoşbəxtlik, firavanlıq və doğma torpağında uzun illər davam edəcək əmin-aman həyat arzulayırıq.
Orxan Məmmədli,
YAP Xəzər rayon təşkilatının fəalı



