
Mülkiyyət hüququ fərdin iqtisadi müstəqilliyini, sahibkarlıq təşəbbüsünü və cəmiyyətin iqtisadi inkişafını təmin edən əsas hüquqlardan biridir. Müasir bazar iqtisadiyyatı mülkiyyət münasibətlərinin hüquqi baxımdan qorunmasını, mülkiyyətçilərin bərabər imkanlara malik olmasını və iqtisadi fəaliyyətin qanun çərçivəsində həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu tanıyaraq onun müdafiəsinin fundamental hüquqi əsaslarını müəyyənləşdirib.
Sovet dövründə iqtisadi münasibətlər əsasən dövlət mülkiyyətinin üstünlüyünə əsaslanırdı. Müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında iqtisadi sistemin köklü şəkildə yenilənməsi və bazar münasibətlərinə keçid vəzifəsi dayanırdı. 1995-ci il Konstitusiyasında xüsusi, dövlət və bələdiyyə mülkiyyətinin tanınması iqtisadi münasibətlərin yeni hüquqi modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıdı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar mülkiyyət münasibətlərinin yenidən qurulmasına, sahibkarlığın inkişafına və özəl sektorun formalaşmasına şərait yaratdı. Torpaq islahatları, özəlləşdirmə prosesləri və sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi iqtisadi azadlığın genişlənməsinə xidmət etdi. Bu dəyişikliklər ölkənin bazar iqtisadiyyatına keçidinin əsas mərhələlərindən biri oldu.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə sahibkarlığın dəstəklənməsi, investisiya mühitinin yaxşılaşdırılması, sənaye parklarının yaradılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi iqtisadi inkişafın sürətlənməsinə imkan yaradıb. Mülkiyyət hüququnun qorunması bu proseslərin davamlılığı üçün mühüm hüquqi şərtdir.
Mülkiyyət hüququnun etibarlı müdafiəsi həm iqtisadi fəallığı, həm də sosial sabitliyi gücləndirir. Vətəndaşların və sahibkarların hüquqi təminatlarının mövcudluğu investisiya təşəbbüslərinin artmasına və iqtisadi imkanların genişlənməsinə şərait yaradır. Konstitusiyanın mülkiyyət hüququna dair müddəaları Azərbaycanın iqtisadi müstəqilliyinin və bazar münasibətlərinin əsas hüquqi dayaqlarından biridir.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



