AnalitikaGündəmSiyasət

Cümhuriyyət İrsinin Əbədi Simvolu – Bayraq

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin baniləri tərəfindən qəbul edilən üçrəngli bayraq milli dövlətçilik tariximizin şah əsəridir. Məmməd Əmin Rəsulzadənin və digər dövlət xadimlərinin uzaqgörənliyi sayəsində yaranan bu miras xalqımızın azadlıq amalını bütün dünyaya bəyan etmişdir. Cümhuriyyət qısa ömür sürsə də, onun ucaltdığı bayraq əsla enmədi.

Sovet imperiyasının sərt qadağaları illərində belə xalqımız bu müqəddəs rəmzi qəlbində böyük sevgi ilə yaşatmışdır. Mühacirətdə yaşayan soydaşlarımız üçün bu bayraq Vətənin, doğma torpağın və azadlığın yeganə ünvanı idi. Tarixi şəxsiyyətlərimizin fədakar əməyi sayəsində bu şanlı irs bu günümüzə qədər qorunub saxlanılmışdır.

Məmməd Əmin Rəsulzadənin “Bir dəfə qaldırılmış bayraq bir daha enməz!” kəlamı xalqımızın dəyişməz əzm və iradə düsturudur. Bu müdrik fikir nəsildən-nəsilə ötürülərək hər bir azərbaycanlının həyat amalına çevrilmişdir. Cümhuriyyət ideallarına sədaqət müasir Azərbaycanın inkişafının əsas təməl daşıdır.

Bu gün həmin idealların işığında irəliləyən müstəqil dövlətimiz üçrəngli bayrağın kölgəsində daha da güclənir. Cümhuriyyət qurucularının ruhu qarşısında baş əyərək deyə bilərik ki, onların əmanət etdiyi bayraq etibarlı əllərdədir. Bu bayraq Azərbaycanın əbədi müstəqilliyinin sarsılmaz təminatıdır.

Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button