AnalitikaGündəmSiyasət

8 Noyabr – Şuşanın azadlığı ilə yazılan şanlı tarix

8 Noyabr Azərbaycan tarixində xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış ən möhtəşəm günlərdən biridir. Bu tarix yalnız bir şəhərin azad olunmasını deyil, bütöv bir xalqın illərlə qəlbində yaşatdığı arzunun gerçəkləşməsini, milli qürurun yenidən ucalmasını və tarixi ədalətin bərpasını ifadə edir. Şuşa Azərbaycan xalqı üçün hər zaman xüsusi məna daşıyıb. Qarabağın incisi, mədəniyyətimizin beşiyi və milli mənəviyyatımızın ayrılmaz hissəsi olan bu şəhərin azadlığı hər bir azərbaycanlının ən böyük arzularından biri idi. 2020-ci il noyabrın 8-də həmin arzu gerçəyə çevrildi və Şuşa əbədi olaraq azadlığına qovuşdu.

Vətən müharibəsinin gedişində Şuşanın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlıq və peşəkarlıq nümunəsi kimi tarixə düşdü. Hərbçilərimizin mürəkkəb dağlıq ərazidə nümayiş etdirdikləri misilsiz şücaət dünya hərb tarixində xüsusi yer tutdu. Bu qələbənin əldə olunmasında şəhidlərimizin fədakarlığı, qazilərimizin iradəsi, xalqımızın sarsılmaz birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi mühüm rol oynadı. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı öz gücünü, birliyini və milli maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Həmin gün ölkəmizdə yaşanan sevinc və qürur hissi hər bir azərbaycanlının yaddaşında silinməz iz buraxdı.

Zəfərdən sonra Şuşada aparılan bərpa və quruculuq işləri şəhərin yeni həyatının əsasını qoydu. Dövlətimizin diqqət və qayğısı nəticəsində tarixi abidələr, mədəniyyət ocaqları, dini məkanlar və digər memarlıq nümunələri bərpa edilir. Şəhərin infrastrukturunun yenilənməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, turizm və mədəniyyət imkanlarının genişləndirilməsi Şuşanın gələcək inkişafına xidmət edir. Burada keçirilən beynəlxalq tədbirlər Azərbaycanın dünyaya təqdim etdiyi sülh, əməkdaşlıq və mədəniyyət mesajlarını daha da gücləndirir. Şuşa artıq öz tarixi şöhrətini bərpa etməklə yanaşı, müasir Azərbaycanın inkişaf və quruculuq gücünü də nümayiş etdirir.

8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsinin, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Şuşanın azadlığı bizə bir daha sübut etdi ki, xalqın birliyi, dövlətin qətiyyəti və ordunun qüdrəti qarşısında heç bir maneə dayana bilməz. Bu gün Şuşa azad Azərbaycanın səmasında dalğalanan üçrəngli bayrağımızın əzəmətini, xalqımızın yenilməz ruhunu və gələcəyə olan inamını təcəssüm etdirir. Şuşa bizim qürurumuz, Zəfərimizin tacı və əbədi Azərbaycan şəhəridir.

Aydın Fərəcov,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button