
Azərbaycanın son onilliklər ərzində əldə etdiyi mühüm nailiyyətlərin təməlində siyasi sabitlik amili dayanır. YAP VIII Qurultayı bu baxımdan ölkənin sabitlik modelinin siyasi əhəmiyyətinin qiymətləndirilməsi üçün mühüm platformadır. Müasir dünyada bir sıra regionlarda siyasi böhranların, qarşıdurmaların və qeyri-müəyyənliyin artdığı bir vaxtda Azərbaycanın ardıcıl inkişaf yolu siyasi sabitliyin nə qədər böyük strateji resurs olduğunu göstərir. Sabitlik dövlətin uzunmüddətli proqramları ardıcıl şəkildə həyata keçirməsinə imkan verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitliyin qorunması iqtisadi inkişaf, sosial rifah və təhlükəsizlik siyasəti ilə paralel şəkildə həyata keçirilib. Dövlət institutlarının möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və milli maraqların ardıcıl müdafiəsi ölkənin daxili dayanıqlığını gücləndirib. Bu sabitlik həm də Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı dövlət kimi qəbul edilməsinin mühüm şərtlərindən birinə çevrilib.
Siyasi sabitlik yalnız daxili idarəetmənin nəticəsi deyil, həm də cəmiyyətin dövlətçilik ətrafında birliyinin göstəricisidir. Azərbaycanın Zəfər yolunda milli həmrəyliyin oynadığı rol bunun bariz nümunəsidir. Vətən müharibəsi zamanı xalqın, dövlətin və ordunun vahid məqsəd ətrafında birləşməsi siyasi sabitliyin milli təhlükəsizlik üçün nə qədər mühüm olduğunu nümayiş etdirdi. Bu həmrəylik Azərbaycanın sonrakı quruculuq prosesində də mühüm resurs olaraq qalır.
YAP bu sabitliyin siyasi və ictimai dayaqlarının möhkəmləndirilməsində mühüm rol oynayır. Partiyanın təşkilati strukturlarının cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrinin gücləndirilməsi, vətəndaşların problemlərinin öyrənilməsi və dövlət siyasətinin mahiyyətinin izah olunması siyasi sabitliyə xidmət edən amillərdəndir. Müasir mərhələdə bu fəaliyyət ənənəvi üsullarla yanaşı, yeni kommunikasiya vasitələrindən də geniş istifadəni tələb edir.
YAP VIII Qurultayı Azərbaycanın sabitlikdən inkişaf modelinə keçidinin siyasi nəticələrini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan siyasi kurs ölkənin daxili dayanıqlığını qorumaqla yanaşı, iqtisadi və geosiyasi imkanların genişləndirilməsinə şərait yaradır. Qarşıdakı mərhələdə əsas vəzifə sabitliyi yalnız qorumaq deyil, onu innovasiya, sosial rifah və davamlı inkişaf üçün daha güclü siyasi baza kimi inkişaf etdirməkdir.
Zərifə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



