AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: tarixi Zəfərdən strateji gələcəyə

YAP VIII Qurultayı Azərbaycanın son onilliklər ərzində keçdiyi mürəkkəb və şərəfli inkişaf yolunun mühüm yekunlarından birini nümayiş etdirir. Ölkə artıq ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan dövlət deyil, suverenliyini tam təmin etmiş və gələcəyini yeni strateji prioritetlər üzərində quran dövlətdir. Bu dəyişiklik YAP-ın siyasi fəaliyyətinin də məzmununa yeni tələblər gətirir. Artıq əsas məsələ tarixi məqsədə çatmağın sevincini qorumaqla yanaşı, həmin nailiyyəti davamlı inkişafın möhkəm təməl daşına çevirməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, tarixi nəticələr yalnız bir hadisənin deyil, uzunmüddətli strateji siyasətin məhsuludur. İqtisadi gücün artırılması, ordu quruculuğu, diplomatik imkanların genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi bir-birini tamamlayan istiqamətlər kimi formalaşdırılıb. Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası həmin strategiyanın əsas mühüm nəticələrindəndir.

Yeni mərhələdə Azərbaycanın qarşısında daha geniş məqsədlər dayanır. Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası, Büyük Qayıdışın tamamlanması, iqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerjinin inkişafı, rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və Azərbaycanın beynəlxalq nəqliyyat sistemində rolunun artırılması gələcəyin əsas istiqamətləridir. Bu hədəflər dövlətin bütün imkanlarının vahid strateji məqsədlər ətrafında səfərbər edilməsini tələb edir.

YAP-ın qarşısında duran vəzifələr də məhz bu yeni reallıqlarla müəyyənləşir. Partiya cəmiyyətlə dövlət arasında siyasi dialoqun inkişafına, milli həmrəyliyin qorunmasına, gənclərin dövlətçilik düşüncəsi ilə yetişdirilməsinə və müasir informasiya mühitində milli maraqların müdafiəsinə daha böyük töhfə verməlidir. YAP VIII Qurultayı təşkilatın yalnız keçmiş fəaliyyətinə qiymət vermək üçün deyil, qarşıdakı illərin siyasi gündəliyinə uyğun yeni fəaliyyət mexanizmləri formalaşdırmaq üçün də mühüm platformadır.

Nəticə etibarilə, YAP VIII Qurultayı Azərbaycanın tarixi Zəfərdən strateji gələcəyə keçid mərhələsinin siyasi ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın müstəqilliyini, suverenliyini və iqtisadi gücünü daha da möhkəmləndirməyə yönəlib. YAP isə bu strategiyanın siyasi və ictimai dayaqlarından biri kimi yeni mərhələnin məsuliyyətini üzərinə götürür. Tarixi Zəfərin qorunması, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın daha güçlü, müasir və rəqabətqabiliyyətli dövlətə çevrilməsi qarşıdakı dövrün əsas siyasi məqsədlərindən biri olaraq qalır.

Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button