AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı və Azərbaycanın yeni geosiyasi reallığı

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın yeni geosiyasi reallıqda öz mövqeyini müəyyən etdiyi bir dövrdə keçirilməsidir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulandığı kimi, Azərbaycan artıq ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edib. Bu reallıq ölkənin həm daxili siyasi gündəliyini, həm də xarici siyasət prioritetlərini əhəmiyyətli dərəcədə dəyişib. Buna görə də qurultay yalnız partiyanın təşkilati fəaliyyəti baxımından deyil, dövlətin gələcək strateji istiqamətlərinin müzakirəsi baxımından da əhəmiyyətlidir.

Azərbaycanın yeni geosiyasi çəkisinin əsas mənbələrindən biri Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdir. Prezident İlham Əliyevin siyasi rəhbərliyi və Azərbaycan xalqının vahid mövqeyi nəticəsində ölkə öz ərazi bütövlüyünün bərpasına nail oldu. 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpa edilməsi isə bu prosesin tamamlanmasını təmin etdi. Bununla Azərbaycan regionda yeni siyasi reallıq yaratdı və beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da gücləndirdi.

Yeni geosiyasi reallıq Azərbaycanın xarici siyasətində də geniş imkanlar yaradıb. Azərbaycan müxtəlif siyasi qütblərlə münasibətlər quraraq balanslı və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkə heç bir siyasi düşərgənin tərkibinə daxil olmadan müstəqil siyasət yürütməkdə davam edir. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəallığı, yeni tərəfdaşlıqlar qurması və regional dialoq məkanı kimi çıxış etməsi onun beynəlxalq nüfuzunun göstəricisidir.

Bu proseslərdə iqtisadi və enerji potensialının da xüsusi rolu var. Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə ixrac edən ölkəyə çevrilib. Enerji təhlükəsizliyinin qlobal gündəmdə xüsusi əhəmiyyət daşıdığı indiki mərhələdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi daha da möhkəmlənir. Eyni zamanda nəqliyyat və logistika layihələri Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirir.

VIII Qurultay bu reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin qarşıdakı mərhələsini müəyyənləşdirir. Partiya qarşıdakı dövrdə Azərbaycanın müstəqil siyasətinin, milli həmrəyliyinin və dövlətçilik dəyərlərinin qorunmasına öz töhfəsini verməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyanın əsas məqsədi Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri möhkəmləndirmək və ölkəni daha böyük inkişaf mərhələsinə çıxarmaqdır. Bu baxımdan qurultay Azərbaycanın yeni geosiyasi mövqeyinin siyasi və ideoloji dayaqlarının möhkəmləndirilməsi baxımından mühüm hadisədir.

Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button