
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinin müzakirəsi baxımından böyük siyasi əhəmiyyət daşıyır. Partiyanın üç onillikdən artıq fəaliyyəti ərzində Azərbaycan mürəkkəb siyasi böhrandan çıxaraq sabit, güclü və öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətə çevrilib. Prezident İlham Əliyevin qurultaydakı çıxışı bu inkişafın mərhələlərini qiymətləndirməklə yanaşı, gələcək məqsədləri də aydın şəkildə ortaya qoyub.
YAP-ın fəaliyyətində dövlətçilik prinsipi xüsusi yer tutur. Partiyanın yaranması Azərbaycanın siyasi və iqtisadi baxımdan ağır vəziyyət yaşadığı bir dövrə təsadüf edib. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən vətənpərvər qüvvələr ölkənin xilasını güclü dövlətçilik siyasətində görürdülər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitliyin bərqərar olması, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi islahatların başlanması ölkənin gələcək inkişafının əsasını qoydu.
Prezident İlham Əliyev bu siyasi irsi yeni mərhələdə uğurla davam etdirib. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi və hərbi baxımdan daha güclü mövqeyə yüksəlib. Dövlətin maliyyə imkanlarının genişləndirilməsi, valyuta ehtiyatlarının artırılması, xarici borcun aşağı səviyyədə saxlanılması, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ölkənin müstəqil siyasət yürütmək imkanlarını genişləndirib. Bu iqtisadi güc son nəticədə Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına xidmət edib.
Qurultayın mühüm mesajlarından biri də əldə edilmiş Zəfərin qorunmasının zəruriliyidir. Prezident İlham Əliyev hərbi gücün artırılmasını əsas prioritetlərdən biri kimi təqdim edir. Dünyada geosiyasi gərginliyin artdığı bir şəraitdə güclü ordu dövlət müstəqilliyinin mühüm təminatıdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, lakin dövlətin müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması qarşıya qoyulan strateji vəzifələrdəndir.
VIII Qurultay həmçinin Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir dövrdə informasiya, rəqəmsal texnologiyalar, süni intellekt və sosial media ideoloji təhlükəsizliyin yeni müstəvisini formalaşdırır. Buna görə də partiyanın ideoloji işi formal tədbirlərlə məhdudlaşmamalı, Azərbaycan həqiqətlərinin cəmiyyətə, xüsusilə gənclərə çatdırılmasına yönəlməlidir. Bu baxımdan VIII Qurultay YAP-ın dövlətçilik missiyasının yeni dövrün çağırışları əsasında davam etdirilməsi üçün mühüm siyasi istiqamət müəyyən edir.
İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini


