AnalitikaGündəmSiyasət

Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzurda: Zəfərin və intibahın təntənəsi

Həsrətin bitdiyi, illərlə viran qalmış torpaqlarda həyatın öz əzəli və əbədi sahibinə qovuşduğu o qızıl çağda, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurun işıqlı səması altında bir araya gəldilər. Bu səfər sadəcə bir tanışlıq missiyası deyil, tarazlığını itirsə də, illərdən sonra yenidən dirçələn ruhun, dağıntıların külündən yenidən doğulan simurq quşu tək ucalan torpaqların zəfər hekayəsi idi.

Xankəndi: Tarixin və gələcəyin qovuşduğu ünvan

Nümayəndə heyətinin addım basdığı ilk ünvan — Xankəndi illərin susqunluğunu pozan simfoniya kimi qarşıladı onları. Burada nəqliyyat damarları yenidən döyünür, Zəfər Parkı azadlığın ətrini yayır, Qarabağ Universiteti isə qaranlıqları yaran bir əli gələcəkdə olan nur məbədi kimi ucalırdı. Xankəndidə təhsil ocaqlarının işıqları yanır, fabriklər yenidən nəfəs alırdı; bu, sanki çöldə bitən bahar çiçəyinin torpağı yarıb günəşə boylanması qədər təbii və möhtəşəm bir intibah idi.

Şuşa: Ruhun qartalı və mədəniyyət beşiyi

Bu intibah dalğası dağlar qoynunda dincələn, hər daşı, hər qayası bir tarix olan Şuşaya uzandı. Şuşa – zamanın əlindən öpüb yenidən ucaltdığı abidələr şəhəri, qədimliyin müasirliklə qol-qola verdiyi əfsanəvi məkan idi. Burada tarixi sima elə qorunurdu ki, sanki minillik muğam səsi hələ də Cıdır düzündə əks-səda verir, eyni zamanda yeni tikilən məhəllələr sabaha inamla baxan gəncliyin təbəssümünə bürünürdü. Şuşa artıq sadəcə xatirələrdə yaşayan köksüz bir şəhər deyil, həyatın bütün çalarları ilə dirçələn, həm tarixin, həm də gələcəyin taxtında oturan şah əsər olaraq qarşımıza çıxırdı.

Ağdərə və Kəlbəcər: Sərvətlər diyarı və bərpa olunan ümidlər

Səfərin Ağdərə və Kəlbəcər istiqamətinə yönəlməsi isə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə təbiətin cənnətə çevrildiyi, torpağın öz bətnindəki sərvətləri yenidən səxavətlə insanlara bəxş etdiyi səhifəni açmaq missiyasını öz götürmək məqsədini daşıyırdı. Kəlbəcərin qoynundakı “İstisu”yun şəfalı bulaqları illərlə çəkilən dərdi-səri yuyan məlhəm kimi axır və öz sahibini sidq ürəkdən salamlayırdı.” Bal Festivalı”nın şirinliyi isə bu torpaqların zəfər təbəssümünə qarışmışdı. Arıçılıq, kənd təsərrüfatı və turizmin qol-qola verməsi Kəlbəcərin sabaha qapı açan qızıl qapısı idi.

Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır

Bu yollar, bu yeni dolaylar, bu yeni salınan məhəllələr, ocağı tüstülənən evlər sadəcə beton və daşdan ibarət tikililər deyil; bunlar illərlə yurd həsrəti ilə alışıb-yanan ürəklərin sığınacağı, torpağa vurulan möhür idi. İnsanların mərhələli şəkildə doğma ocaqlarına qayıtması quru torpağa can verən ilıq yaz yağışı kimi hər tərəfi dirildir. Məktəblərdə uşaq gülüşləri, universitetlərdə elm səsi, tarlalarda zəhmətkeş əllərin toxumu bu torpağın əbədi sahibinə qovuşduğunun sübutudur. Azərbaycan bütün dünyaya bunu nümayiş etdirirdi.

Səfərin yekunu: Yeni əsrin başlanğıcı

Diplomatik korpusun bu möhtəşəm səfəri bir həqiqəti bütün çılpaqlığı ilə dünyaya göstərdi: Qarabağ və Şərqi Zəngəzurda bərpa yalnız dağılan divarların hörülməsi deyil, həm də tarixin ədalətinin bərpası, həyatın ölümə, xeyrin şərə qalib gəlməsidir. Bu torpaqlar artıq yaralarını sarıyan yox, mədəniyyətin, iqtisadiyyatın, turizmin və sülhün qovuşduğu işıqlı bir gələcəyə doğru qanadlarını açan nəhəng bir qartal kimi zirvələrə doğru uçmaqdadır.

Namiq Murad,
Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü

Oxşar Xəbərlər

Back to top button