
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı ölkələrarası dini-mənəvi həmrəylik, Türk dünyasının birliyi, islamofobiya ilə mübarizə, eləcə də tarixi həqiqətlər və postmüharibə dövründə Qarabağda aparılan bərqərarçılıq işləri ilə bağlı mühüm fikirlər səsləndirilib.
Dövlət başçısı çıxışında qlobal miqyasda İslam dininə və müsəlman dünyasına qarşı artan təzyiqlərə, ikili standartlara və elan olunmamış informasiya-siyasi müharibələrə toxunub. O, müsəlman ölkələri arasında həmrəyliyin və birliyin hər zamankından daha vacib olduğunu vurğulayıb:”İslam dünyasına qarşı elan olunmamış müharibə gedir. Qərbdə bəzi dairələr islamofobiyanı dövlət siyasəti səviyyəsinə qaldıraraq müqəddəs dəyərlərimizi hədəfə alırlar. Buna qarşı yalnız güclü və birlik nümayiş etdirməklə cavab verə bilərik.”
Prezident İlham Əliyev Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə Azərbaycanın tarixi torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb. Məscidlərin dağıtıldığını, təhqir olunduğunu xatırladan dövlət başçısı erməni vəhşiliyinin bəşəri cinayət olduğunu qeyd edib: “Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Qəbirləri qazıb ölülərin qızıl dişlərini çıxarırdılar. Bunlar bizim tarixi yaddaşımızdan silinməyəcək və bütün dünya erməni vandalizminin əsl simasını görməlidir.”
Türk dünyasının birləşməsinin həm siyasi, həm də mənəvi müstəvidə böyük əhəmiyyət daşıdığını qeyd edən Prezident TDT xətti ilə həyata keçirilən layihələrin və dini idarə rəhbərlərinin görüşlərinin qardaşlıq münasibətlərini daha da dərinləşdirdiyini bildirib: “Türk dövlətləri arasındakı qardaşlıq və dostluq münasibətləri artıq təkcə siyasi müstəvidə deyil, dini-mənəvi dəyərlər səviyyəsində də möhkəmlənir. Biz kökümüzə, adət-ənənələrimizə və islam dəyərlərinə sadiq qalaraq gələcəyimizi birlikdə qurmalıyıq.”
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra belə bəzi beynəlxalq təşkilatların və Qərb institutlarının qərəzli mövqe sərgilədiyini diqqətə çatdıran Prezident İlham Əliyev Avropa Şurası və Avropa Parlamentinin tarixi fəaliyyətinə sərt münasibət bildirib: “Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi.”
Buna baxmayaraq, Azərbaycan xalqının ədaləti öz gücü ilə bərpa etdiyini deyən dövlət başçısı bu tarixi qələbənin bütün Türk və İslam dünyasının qürur mənbəyi olduğunu vurğulayıb. Qəbul zamanı nümayəndə heyətlərinin üzvləri Azərbaycan dövlətinin quruculuq siyasətini dəstəklədiklərini bildirib və ölkəmizin haqlı mübarizəsində həmişə həmrəy olduqlarını qeyd ediblər.
Rəhimova Səfurə,
Nizami rayonu, 62 saylı məktəb-liseyin tarix müəllimi



