
“Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər və təqdim olunan statistik göstəricilər aqrar sektorun yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Çıxışlarda həm son 20 ildə əldə edilən nəticələr, həm də mövcud problemlər və 2030-cu ilə qədər nəzərdə tutulan hədəflər sistemli şəkildə təqdim olunub. Təhlillər göstərir ki, qarşıdakı dövrdə əsas prioritet məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması, aqrar emalın genişləndirilməsi və resurslardan daha səmərəli istifadə olacaq”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanda 2004-cü ildən etibarən qəbul olunan regional inkişaf proqramları kənd təsərrüfatının inkişafında əsas baza rolunu oynayıb: “Bu gün Azərbaycan fındıq ixracında dünyada dördüncü, xurma ixracında ikinci, şaftalı və nektarin ixracında isə doqquzuncu yerdədir. Bu göstəricilər aqrar ixracın beynəlxalq rəqabət qabiliyyətinin artdığını göstərir. Lakin buğda, bitki yağları, kərə yağı, dənli paxlalılar, quş əti, mal əti kimi bəzi sahələrdə Azərbaycanın müəyyən asılılıqları qalır. Bu səbəbdən də ekstensiv modeldən intensiv modelə keçid zərurəti artıq reallıqdır. Mövcud torpaq və resurs bazası artıq genişlənmə imkanlarını məhdudlaşdırır və artım yalnız məhsuldarlıq hesabına mümkün görünür”.
“Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığa ciddi təsir göstərir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, qarşıdakı dövrdə investisiyaların əsas istiqaməti məhz texnologiya və su idarəçiliyi olacaq: “Mühüm məsələlərdən biri də kənd təsərrüfatı xammalı ilə emal məhsulları arasındakı balanssızlıqdır. İxracda əsas pay xammal məhsullarına məxsus olduğu halda, idxalda emal məhsulları üstünlük təşkil edir. Bu vəziyyət isə əlavə dəyərin ölkə daxilində formalaşmadığını göstərir. Pambıqçılıq nümunəsində mahlıc ixracından hazır tekstil məhsulları istehsalına keçid artıq zərurətdir. Bu səbəbdən də yeni fabriklərin qurulması və emal sənayesinə investisiyaların yatırılması sahibkarlar qarşısında duran mühüm çağırışlardandır”.
Ramil Vəlibəyov vurğulayıb ki, kənd təsərrüfatı sahəsində hazırlanan Dövlət Proqramı bu sahənin köklü transformasiyasını nəzərdə tutur: “Proqram çərçivəsində müasir suvarma sahələrinin 300 min hektara çatdırılması, 20 min hektar yeni intensiv bağların salınması, 500 hektar yeni istixanaların yaradılması, soyuducu anbar tutumunun 500 min tona çatdırılması, ət və quş əti üzrə 100 faiz özünütəminat, balıqçılıq istehsalının iki dəfədən çox artırılması kimi konkret hədəflər müəyyən edilib.Proqramın icrası üçün ümumilikdə 5,9 milyard manat investisiya nəzərdə tutulur. Bunun 2,2 milyard manatı dövlət, 3,7 milyard manatı isə özəl sektor tərəfindən təmin edilməlidir.
Bu rəqəmlər göstərir ki, hökumət aqrar sektorun inkişafını yalnız dövlət subsidiyaları ilə deyil, özəl kapital və xarici investorların iştirakı ilə həyata keçirməyi planlaşdırır”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Azərbaycanın kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyur: “Son 20 ildə əsas diqqət infrastrukturun yaradılmasına və sosial sabitliyə yönəlmişdisə, qarşıdakı dövrdə prioritet məhsuldarlıq, texnologiya, emal sənayesi və resurs səmərəliliyi olacaq. Yeni Dövlət Proqramı bəzi struktur problemlərin həllinə və aqrar sektorun daha rəqabətli modelə keçidinə yönəlib”.



