
Biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular. Bununlada bütün şəhidlərimizin qisası alındı. Bu sözləri Ali Baş Komandan İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında qeyd etmişdir.
Xocalı faciəsi qəddarlıqdır. Günahsız insanlara qarşı o dərəcədə, o miqyasda amansızlıq və zorakılıq bəşər tarixində nadirdir. Dünya bu zülmə susmuşdu, amma Azərbaycan dövləti öz gücü ilə tarixi ədaləti bərpa etdi.
Bu gün azad Qarabağda, o cümlədən Xocalı şəhərində üçrəngli Dövlət Bayrağımızın əzəmətlə dalğalanması qürurvericidir. Bu, Azərbaycan Prezidentinin siyasi qətiyyətinin, dövlətimizin sarsılmaz iradəsinin, ordumuzun qüdrətinin, xalqımızın milli həmrəyliyinin nəticəsidir.
Geopolitik fon dəyişə bilər, amma milli yaddaş dəyişməzdir. Xocalı soyqırımı dünyanın dəyişkən beynəlxalq münasibətlər sistemində dəyişməyən milli mövqeyimizdir. Bu gün biz hər birimiz Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edir, Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Əminə Baloğlanova,
Xəzər rayonu, 26 nömrəli məktəbin əməkdaşı


