
Müasir dövrdə beynəlxalq əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır, iqtisadi, energetika və strateji təhlükəsizlik amillərini də özündə birləşdirir. Bu baxımdan Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında formalaşmış münasibətlər regional və qlobal proseslər kontekstində diqqətəlayiq nümunə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin tarixi inkişaf xəttini, mövcud vəziyyətini və gələcək perspektivlərini aydın şəkildə əks etdirir. Bu bəyanatların təhlili Azərbaycan–Serbiya əlaqələrinin ardıcıl və sistemli şəkildə formalaşdığını göstərir. Azərbaycan və Serbiya arasında siyasi münasibətlər qarşılıqlı hörmət və suverenliyə əsaslanan prinsipial mövqelər üzərində qurulmuşdur. Tarixi proseslər göstərir ki, hər iki xalq müxtəlif dövrlərdə öz dövlətçiliyini qorumaq uğrunda mübarizə aparmış, bu mübarizə milli şüurun və siyasi iradənin formalaşmasında mühüm rol oynamışdır.
Prezident İlham Əliyevin çıxışlarında Serbiya dövlətinin suverenliyini qorumaq istiqamətində göstərdiyi tarixi səylər xüsusi vurğulanır. Azərbaycanın beynəlxalq münasibətlərdə əsas prioritetlərindən biri də məhz dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipidir. Bu ortaq mövqe iki ölkə arasında etibarlı siyasi münasibətlərin formalaşmasına zəmin yaratmışdır. Energetika amili XXI əsrin beynəlxalq münasibətlər sistemində həlledici rol oynayır. Azərbaycan zəngin enerji resurslarına malik ölkə kimi Avropanın enerji təhlükəsizliyində mühüm mövqeyə sahibdir. Serbiya ilə əməkdaşlıq da bu strateji xəttin tərkib hissəsidir. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması tarixi baxımdan yeni mərhələnin başlanğıcıdır. Bu əməkdaşlıq təkcə enerji tədarükü deyil, həm də istehsal və transformasiya proseslərini əhatə edir. Serbiyada qazın elektrik enerjisinə çevrilməsi təmiz və dayanıqlı enerji siyasətinin formalaşmasına xidmət edir. Tarixi baxımdan qeyd etmək lazımdır ki, enerji sahəsində əməkdaşlıq dövlətlərarası münasibətlərin uzunömürlü olmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin bəyanatına əsasən, Azərbaycanın mövcud enerji ixrac potensialı 2 giqavat təşkil edir və 2032-ci ilə qədər bu göstəricinin əlavə 8 giqavat artacağı planlaşdırılır. Bu fakt Azərbaycanın Avropa enerji tarixində rolunun daha da güclənəcəyini göstərir.
Tarix boyu iqtisadi əlaqələr siyasi münasibətlərin möhkəmlənməsində əsas amillərdən biri olmuşdur. Azərbaycan–Serbiya münasibətlərində investisiya əməkdaşlığı bu baxımdan xüsusi yer tutur. Serbiyada aparılan iqtisadi islahatlar ölkəni xarici investorlar üçün cəlbedici etmişdir. Azərbaycanın Serbiyaya iri həcmli sərmayə yatırmaq niyyəti enerji stansiyalarının tikintisi, yenidən qurulması və reabilitasiyası ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, daxili enerji istehsal gücünün mövcudluğu dövlətlərin müstəqilliyini və təhlükəsizliyini möhkəmləndirən əsas amillərdəndir. Bu kontekstdə Serbiya Prezidenti Aleksandar Vuçiçin rəhbərliyi ilə həyata keçirilən islahatlar xüsusi əhəmiyyət kəsb edir. Qarşılıqlı siyasi iradə və iqtisadi maraqlar Azərbaycan–Serbiya əməkdaşlığını tarixi baxımdan davamlı və perspektivli edir.
Tarixi-siyasi təhlil göstərir ki, Azərbaycan–Serbiya münasibətləri ardıcıl inkişaf edən, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelidir. Energetika və investisiya sahəsində əməkdaşlıq bu münasibətlərin maddi və institusional əsaslarını gücləndirir. Azərbaycanın artan enerji potensialı və Serbiyanın əlverişli investisiya mühiti iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini deməyə əsas verir. Tarixçi baxışı ilə qiymətləndirildikdə, bu münasibətlər yalnız iki dövlət üçün deyil, Avropa məkanında enerji təhlükəsizliyi və regional sabitlik baxımından da mühüm əhəmiyyət daşıyır.
Mənzər Ağabəyova Pərviz qızı,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi



