AnalitikaGündəmSiyasət

Serbiya- Azərbaycan arasında uzun illərə söykənən dostluq münasibətləri

Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Serbiya münasibətləri müstəqilliyimizin ilk illərindən başlayaraq sürətlə inkişaf etməkdədir. Həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulan əməkdaşlıq əlaqələri ölkələrimiz arasındakı münasibətləri daha da irəliyə aparılır.

İlk öncə siyasi əlaqələrdən bəhs edərkən, qeyd etmək lazımdır ki, Azərbaycan Serbiyanın, Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Vaxtilə, Kosovanın Serbiyadan ayrılaraq müstəqil olmasına etiraz edərək, onun ərazi bütövlüyünü müdafiə edən nadir dövlətlərdən biri də Respublikamız olmuşdur. Əlbəttə, siyasi münasibətlərin yüksək səviyyədə olması ölkə başçılarımızın iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir. Müasir dövrdə Balkanlarda, Cənubi Qafqazda zaman- zaman siyasi gərginliyin ortaya çıxması, bir çox gözlənilməz hadisələrdən sığortalanmaq üçün fikir mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmaq hədəflərə mümkün dərəcədə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müstəvidə ölkələrimiz arasında dəfələrlə təşkil edilən görüşlər zamanı parlamentlərarası dostluq qrupu yaradılmış, onlarla sənəd imzalanmışdır.

Bundan başqa, enerji, nəqliyyat və informasiya texnologiyaları, gömrük, kənd təsərrüfatı, turizm, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman sahələrində də qarşılıqlı əlaqələrin sürətlə inkişaf etdiyi nəzərə çarpır. Yeri gəlmişkən, iqtisadi əlaqələrə gəldikdə isə, vurğulamaq yerinə düşər ki, Serbiya Azərbaycandan təbii qaz alan Avropa ölkələrindən biridir. Bu səbəbdən, enerji sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Belə ki, ölkəmizdə ticarət mühiti üçün geniş imkanların mövcuddur və xüsusilə Ələt Azad İqtisadi Zonası, həmçinin Asiyanı Avropa ilə birləşdirən “Orta Dəhliz” layihəsi çərçivəsində formalaşan yeni nəqliyyat xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın iqtisadi siyasəti şəffaflıq, dayanıqlılığa əsaslanır. Belə qənaətə gəlmək olar ki, iqtisadi sahədə əməkdaşlıq Azərbaycan-Serbiya münasibətlərinin davamlı inkişafının mühüm tərkib hissəsidir.

Bir neçə gün öncə Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə görüşü dövlətlərarası münasibətlərin inkişafında yeni səhifənin açıldığınının bariz nümunəsidir. İmzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasını möhkəmləndirməklə yanaşı, layihələrin icrasına keçidi sürətləndirməyi hədəfləyir. Görüşdə Azərbaycanın Serbiyaya ixrac etdiyi təbii qazın həcminin artırılması barədə razılığa əldə olunmuşdur.

Ümumiyyətlə, belə nəticəyə gəlmək olar ki, bu görüş ölkələrimiz arasında münasibətlərində sadəcə diplomatik deyil, enerji və siyasi baxımından mühüm əhəmiyyət daşıyan dönüş nöqtəsi kimi tarixə düşmüşdür. Heç şübhə etmirəm ki, aparılan müzakirələr, mübadilə edilən sənədlər Azərbaycan-Serbiya əlaqələrini daha da gücləndirəcəkdir.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Oxşar Xəbərlər

Back to top button