AnalitikaGündəmSiyasət

ABŞ–Azərbaycan münasibətləri strateji əməkdaşlığın dərinləşməsi istiqamətində inkişaf edir

ABŞ-ın Vitse-Prezidentinin 2026-cı ilin fevral ayında Azərbaycana həyata keçirdiyi rəsmi səfər Vaşinqton–Bakı münasibətlərinin dinamikasında yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər təkcə protokol xarakterli diplomatik təmas deyil, həm də regional geosiyasi proseslər, enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və təhlükəsizlik arxitekturası baxımından strateji məzmun daşıyır.

Mövcud beynəlxalq şəraitdə Cənubi Qafqaz artan geosiyasi rəqabət müstəvisinə çevrilmişdir. Xüsusilə enerji marşrutlarının diversifikasiyası, Orta Dəhlizin funksionallığının gücləndirilməsi və Xəzər hövzəsinin resurslarının Avropa bazarlarına çatdırılması məsələləri Qərb dövlətlərinin diqqət mərkəzindədir. Bu kontekstdə ABŞ administrasiyasının yüksək səviyyədə Bakıya təmsil olunması Azərbaycanın regionda açar aktor kimi qəbul edildiyini təsdiqləyir.

Səfər çərçivəsində aparılan danışıqlarda enerji əməkdaşlığının genişləndirilməsi, bərpa olunan enerji layihələrində tərəfdaşlıq imkanları və nəqliyyat-kommunikasiya xətlərinin inkişaf perspektivləri əsas müzakirə mövzuları sırasında olmuşdur. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun artması Vaşinqton üçün strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Cənub Qaz Dəhlizi və alternativ enerji təşəbbüsləri ikitərəfli gündəmin prioritet istiqamətlərindəndir.

Digər mühüm aspekt təhlükəsizlik və regional sabitlik məsələləridir. ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasını və kommunikasiya xətlərinin açılmasını dəstəklədiyini dəfələrlə bəyan etmişdir. Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi reinteqrasiya və bərpa siyasəti regionda yeni iqtisadi reallıqlar formalaşdırır. ABŞ vitse-prezidentinin səfəri bu proseslərin beynəlxalq legitimlik və siyasi dəstək baxımından əhəmiyyətini artırır.

Səfər həm də siyasi dialoqun institusional əsaslarının möhkəmləndirilməsi baxımından önəmlidir. Yüksək səviyyəli qarşılıqlı təmaslar strateji tərəfdaşlıq çərçivəsinin yenilənməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün zəmin yaradır. Bu, ikitərəfli münasibətlərin yalnız enerji sektoru ilə məhdudlaşmadığını, iqtisadiyyat, təhlükəsizlik, rəqəmsal transformasiya və humanitar sahələr üzrə də geniş spektri əhatə etdiyini göstərir.

Ümumilikdə, ABŞ-ın Vitse-Prezidentinin Azərbaycana səfəri geosiyasi balansın yenidən formalaşdığı bir dövrdə Bakının artan beynəlxalq çəkisinin və çoxvektorlu xarici siyasət kursunun praktik nəticəsi kimi qiymətləndirilə bilər. Bu hadisə, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin qarşıdakı mərhələdə daha strukturlaşdırılmış və strateji xarakter alacağının göstəricisidir.

İldırım Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button