AnalitikaGündəmSiyasət

Azərbaycanın beynəlxalq aləmdə dialoq tərəfdarı olan dövlət kimi mövqeyini bir daha nümayiş etdirdi

2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən mühüm humanitar hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu nüfuzlu tədbirdə çıxışı müasir dünyada sülhün, multikultural dəyərlərin və xalqlar arasında qarşılıqlı anlayışın əhəmiyyətinə dair ardıcıl və prinsipial mövqeyin ifadəsi oldu. Prezident İlham Əliyev çıxışında mükafatın adını daşıdığı Şeyx Zayed bin Sultan Al Nəhyanın irsinin bəşəri dəyərlər baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Zayed İnsan Qardaşlığı Mükafatı insanları dini, milli və mədəni fərqlərdən asılı olmayaraq bir araya gətirməyi, qarşılıqlı hörmət və əməkdaşlığı təşviq etməyi hədəfləyən nadir qlobal platformalardandır. Bu baxımdan mükafatın təqdimolunma mərasimi yalnız təltif aktı deyil, həm də mənəvi birlik mesajıdır.

Çıxışda Azərbaycanın multikulturalizm və dini tolerantlıq sahəsindəki təcrübəsinə xüsusi yer ayrıldı. Prezident Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc şəraitdə birgə yaşadığı məkan olmuşdur. Bu model təsadüfi deyil, dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərir, dini icmalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq mövcuddur. Dövlət başçısının fikrincə, bu təcrübə müasir dünyada artan radikalizm və dözümsüzlük fonunda mühüm nümunə kimi dəyərləndirilə bilər. Prezident Cənab İlham Əliyev çıxışında qlobal miqyasda insan qardaşlığı ideyasına qarşı mövcud çağırışlara da toxundu. O qeyd etdi ki, münaqişələr, sosial bərabərsizlik, dini və etnik zəmində qarşıdurmalar bəşəriyyətin üzləşdiyi əsas problemlər sırasındadır. Belə bir şəraitdə dialoq mədəniyyətinin gücləndirilməsi, humanitar dəyərlərin ön plana çəkilməsi və dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsi zəruridir.

Dövlət başçısı vurğuladı ki, heç bir problem zorakılıq yolu ilə həll edilə bilməz və davamlı sülh yalnız qarşılıqlı anlayış və etimada əsaslanmalıdır. Çıxışın mühüm məqamlarından biri Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərə verdiyi töhfələrlə bağlı idi. Prezident Cənab İlham Əliyev Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində sülh, inkişaf və humanitar əməkdaşlıq istiqamətində fəal mövqe tutduğunu diqqətə çatdırdı. Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın qlobal həmrəyliyin gücləndirilməsi, pandemiya dövründə isə ədalətli yanaşmanın təşviqi istiqamətində atdığı addımlar xatırlandı.

Prezident Cənab İlham Əliyev gənclərin roluna da xüsusi diqqət ayırdı. Onun sözlərinə görə, insan qardaşlığı ideyasının gələcək nəsillərə ötürülməsi üçün gənclərin tolerantlıq, qarşılıqlı hörmət və məsuliyyət ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır. Təhsil, mədəni mübadilə və beynəlxalq əməkdaşlıq proqramları bu baxımdan əsas vasitələrdən biridir.Sonda dövlət başçısı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın bəşəri dəyərlərin təşviqində mühüm rol oynadığını vurğulayaraq, bu təşəbbüsə dəstək verən bütün qurumlara təşəkkürünü bildirdi. Prezident Cənab İlham Əliyevin çıxışı humanizmə, sülhə və qlobal həmrəyliyə çağırış kimi səsləndi və Azərbaycanın beynəlxalq aləmdə dialoq tərəfdarı olan dövlət kimi mövqeyini bir daha nümayiş etdirdi.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button