AnalitikaGündəmSiyasət

Qanla Yazılan Tarix, Sarsılmaz Qürur

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə böyük bir faciə deyil, eyni zamanda milli oyanışın, azadlıq iradəsinin və müstəqillik əzminin rəmzi kimi yadda qalmışdır. Bu qanlı hadisədən 36 il keçməsinə baxmayaraq, o gecənin ağrısı, kədəri və eyni zamanda doğurduğu qürur hissi bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi hissələri Bakıya və respublikanın bir sıra bölgələrinə yeridildi. Məqsəd xalqın azadlıq istəyini boğmaq, milli iradəni sındırmaq idi. Lakin silahlı ordunun, tankların, zirehli maşınların qarşısına çıxan günahsız, əliyalın insanlar öz cəsarətləri ilə tarix yazdılar. Qadın, uşaq, qoca demədən dinc əhaliyə atəş açıldı, yüzlərlə insan şəhid oldu, minlərlə insan yaralandı. Küçələrdə axan qan azadlıq uğrunda verilən qurbanların necə böyük olduğunu bütün dünyaya göstərdi.

20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq arzusunun qarşısını almaq əvəzinə, bu istəyi daha da gücləndirdi. Həmin gecə sovet rejiminin əsl siması – zorakılığa, ədalətsizliyə və insan hüquqlarının tapdalanmasına əsaslanan mahiyyəti bir daha üzə çıxdı. Lakin xalq qorxmadı, sarsılmadı. Əksinə, şəhidlərin dəfni zamanı milyonlarla insanın küçələrə çıxması, matəm yürüşündə bir yumruq kimi birləşməsi milli həmrəyliyin, birliyin və mübarizə əzminin bariz nümunəsinə çevrildi.

20 Yanvar şəhidləri Azərbaycanın müstəqillik yolunda ilk böyük qurbanları idi. Onların canı bahasına əldə olunan azadlıq 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə nəticələndi. Bu gün suveren, güclü və qalib Azərbaycan dövləti məhz həmin şəhidlərin qanı üzərində yüksələn müqəddəs bir mirasdır. Onların fədakarlığı olmasaydı, bu gün azad səma altında yaşamaq, öz bayrağımızı qürurla dalğalandırmaq, öz dövlətimizə sahib olmaq bu qədər mənalı və dəyərli olmazdı.

20 Yanvar faciəsi eyni zamanda xalqımızın milli kimliyini, azadlıq ruhunu və vətənpərvərlik duyğularını daha da möhkəmləndirdi. Bu hadisə göstərdi ki, Azərbaycan xalqı heç vaxt əsarətlə barışmayıb və barışmayacaq. Tarixin ən ağır anlarında belə öz şərəfini, ləyaqətini qorumağı bacarıb. Şəhidlərin hər biri Vətən, torpaq, azadlıq anlayışlarını öz canı ilə təsdiqlədi.

Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində böyük ehtiramla anılır. Şəhidlər xiyabanı xalqın ziyarətgahına çevrilmiş, onların ruhu qarşısında hər il milyonlarla insan baş əyir. Bu ziyarətlər təkcə matəm yox, həm də and yeridir – müstəqilliyimizi qorumağa, Vətənə sədaqətlə xidmət etməyə verilən andın təzələndiyi müqəddəs bir məkan.

36 il keçsə də, 20 Yanvarın dərsi unudulmur: azadlıq asan əldə olunmur, onun hər qarışı qan, göz yaşı və böyük fədakarlıq bahasına qazanılır. Bu faciə bizə həm kədər, həm də qürur miras qoyub. Kədər – itirdiyimiz günahsız canlara görə, qürur isə onların göstərdiyi qəhrəmanlığa, milli iradəyə görədir.

Ruhları şad olsun 20 Yanvar şəhidləri! Onlar Azərbaycan tarixində əbədi yaşayacaq, gələcək nəsillərə Vətən sevgisinin, azadlıq uğrunda mübarizənin nə qədər müqəddəs olduğunu daim xatırladacaqlar. Bu gün azad, suveren və güclü Azərbaycan onların bizə əmanətidir və bu əmanəti qorumaq hər birimizin müqəddəs borcudur.

 Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button