AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti: tarixi seçkilər, milli suverenlik və dövlətçilik iradəsi

Müasir Azərbaycan tarixində Prezident İlham Əliyevin fəaliyyəti milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün tam bərpası və suverenliyin təmin olunması baxımından yeni və həlledici mərhələnin əsasını təşkil edir. Xüsusilə son prezident seçkiləri yalnız siyasi proses kimi deyil, eyni zamanda dövlətçilik tariximizin məntiqi yekunu və yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir.

Bu seçkilərin əsas fərqləndirici cəhəti ondan ibarət olmuşdur ki, müstəqillik tarixində ilk dəfə olaraq səsvermə prosesi Azərbaycan Respublikasının bütün ərazilərində, o cümlədən uzun illər işğal altında olmuş torpaqlarda keçirilmişdir.

Prezident İlham Əliyevin seçkilər günü Xankəndidə səsvermədə iştirakı isə təkcə simvolik addım deyil, dərin siyasi və tarixi məna daşıyan hadisə kimi yadda qalmışdır. Dövlət başçısının öz çıxışında vurğuladığı kimi:

“Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar…. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”

Bu fikirlər Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial və ardıcıl siyasətin mahiyyətini dolğun şəkildə ifadə edir. Çünki həmin səs yalnız seçki hüququnun icrası deyil, eyni zamanda Azərbaycanın dövlət suverenliyinin, konstitusiya quruluşunun və milli iradəsinin qəti təntənəsi idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə misilsiz tarixi nailiyyətlərə imza atmışdır. 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir. Bu proseslər beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə, siyasi iradə, güclü ordu və xalq–iqtidar birliyi əsasında həyata keçirilmişdir.

Xankəndidə keçirilən səsvermə prosesi məhz bu ardıcıl siyasətin məntiqi nəticəsi olmuşdur. Uzun illər separatizmin yuvasına çevrilmiş bir məkanda Azərbaycan Prezidentinin səs verməsi göstərdi ki, ölkə ərazisində artıq qeyri-qanuni rejimlərə, qondarma strukturlara yer yoxdur. Bu hadisə faktiki olaraq separatçılıq ideologiyasının siyasi və hüquqi müstəvidə tam iflasını təsdiqlədi.

Prezident İlham Əliyevin fəaliyyətində diqqət çəkən əsas cəhətlərdən biri də güclü dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətçilik məktəbi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Güclü prezident institutu, effektiv idarəetmə, milli maraqlara əsaslanan xarici siyasət və daxili sabitlik bu modelin əsas sütunlarını təşkil edir.

Bütün ərazilərdə keçirilən prezident seçkiləri Azərbaycan dövlətinin gücünün, idarəetmə qabiliyyətinin və xalqın dövlətə olan inamının bariz nümunəsidir. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanmış açıq mesajdır: Azərbaycan suveren, güclü və öz taleyinə özü qərar verən dövlətdir.

Prezident İlham Əliyevin Xankəndidə səs verməsi xalqla hakimiyyət arasında mövcud olan dərin etimadın rəmzinə çevrilmişdir. Seçkilərin ölkənin bütün ərazilərində keçirilməsi siyasi legitimliyi daha da möhkəmləndirmiş, dövlət başçısının mandatını tarixi miqyasda gücləndirmişdir. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və bu siyasətin alternativsiz olduğuna inanır.

Eyni zamanda bu hadisə post-münaqişə dövründə reinteqrasiya prosesinin də uğurla davam etdiyini sübut etdi. Qarabağ bölgəsi artıq Azərbaycanın siyasi, hüquqi və inzibati sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin fəaliyyəti və xüsusilə Xankəndidə səsvermədə iştirakı müasir Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən biri kimi qiymətləndirilməlidir. Bu addım təkcə seçki prosesi deyil, milli suverenliyin qəti təsdiqi, separatizmin ideoloji sonu və güclü Azərbaycan dövlətinin sarsılmaz iradəsinin nümayişi olmuşdur.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yeni tarixi mərhələyə qədəm qoymuşdur. Bu mərhələ tam suverenlik, dayanıqlı inkişaf və milli birlik üzərində qurulan güclü dövlətçilik mərhələsidir. Tarix bu dövrü Azərbaycan xalqının iradəsinin, Prezidentin qətiyyətinin və dövlətçilik düşüncəsinin zəfəri kimi yadda saxlayacaqdır.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button