
Müstəqil Azərbaycan dövlətinin formalaşması və bu gün regional və qlobal miqyasda etibarlı tərəfdaş, güclü siyasi aktor kimi çıxış etməsi təsadüfi proses deyil. Bu uğurun təməlində möhkəm dövlətçilik ənənələri, ardıcıl siyasi iradə və milli maraqlara söykənən idarəetmə modeli dayanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyası və uzaqgörən siyasi strategiyası müasir dövlətçiliyimizin əsaslarını formalaşdırmış, bu əsaslar Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilmişdir.
1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ciddi daxili və xarici təhdidlərlə üz-üzə idi. Dövlət idarəçiliyində xaos, hüquqi bazanın olmaması, siyasi qeyri-sabitlik ölkənin gələcəyini sual altına alırdı. Məhz belə bir tarixi məqamda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası ilə nəticələndi.
Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlət quruculuğunun hüquqi əsasını yaratdı. Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasını, hakimiyyət qolları arasında balansı, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərini təsbit etməklə ölkənin uzunmüddətli dayanıqlı inkişafının yol xəritəsini müəyyənləşdirdi.
Heydər Əliyev dövlətçilik fəlsəfəsinin əsas xüsusiyyəti humanizm, sosial ədalət və milli həmrəylik idi. Bu yanaşma əfv və amnistiya institutlarının geniş tətbiqində də aydın şəkildə öz əksini tapmışdır. 1995–2003-cü illərdə Ümummilli Lider tərəfindən 32 əfv fərmanı imzalanmış, həmin dövrdə 7 amnistiya aktı qəbul edilmişdir. Bu addımlar təkcə hüquqi aktlar deyil, eyni zamanda cəmiyyətə ünvanlanmış humanist mesaj idi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ yalnız iqtisadi göstəricilərlə deyil, eyni zamanda hüquqi dövlət quruculuğu, sosial siyasət və humanist idarəetmə modeli ilə xarakterizə olunur.
2003–2025-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən 39 əfv sərəncamı imzalanmış, 5 amnistiya aktı qəbul edilmişdir. Ümumilikdə isə müstəqillik dövründə 71 əfv fərmanı və sərəncam nəticəsində 10 162 məhkum əfv olunmuşdur ki, bunun 7 060 nəfəri Prezident İlham Əliyevin imzaladığı sənədlərin payına düşür.
Xüsusilə qeyd edilməlidir ki, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsi əhatə etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı isə 17 mindən artıq nəfərə şamil olunaraq tarixi Qələbənin humanist ruhunu hüquqi müstəviyə daşıdı.
Bu faktlar bir daha sübut edir ki, Azərbaycan dövləti cəza siyasətinə yalnız repressiv alət kimi deyil, islah və reinteqrasiya mexanizmi kimi yanaşır. Dövlət vətəndaşına ikinci şans verməyi bacaran, insan amilini ön planda saxlayan idarəetmə modeli qurmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti də humanist dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayır. Milli Məclisin deputatı olduğu dövrdə onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilən amnistiya aktları minlərlə ailənin sevincinə, cəmiyyətin sosial harmoniyasına töhfə vermişdir.
Mehriban xanım Əliyevanın fəaliyyətində humanizm, mərhəmət və sosial məsuliyyət əsas xətti təşkil edir. Bu yanaşma Azərbaycan dövlətinin gücünü yalnız iqtisadi və hərbi potensialda deyil, eyni zamanda mənəvi üstünlüklərində görən dövlətçilik modelinin ayrılmaz hissəsidir.
Bu gün Azərbaycan dayanıqlı inkişafı təmin edən nadir ölkələrdən biridir. Güclü siyasi hakimiyyət, möhkəm hüquqi baza, sosial yönümlü siyasət və milli maraqlara əsaslanan strateji qərarlar ölkənin sabitliyini təmin edir. Əfv və amnistiya institutlarının ardıcıl və sistemli tətbiqi isə dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı möhkəmləndirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət göstərir ki, Azərbaycan dövləti yalnız bu günü deyil, gələcək nəsillərin maraqlarını da düşünən məsuliyyətli idarəetmə modelinə malikdir. Heydər Əliyev irsinə söykənən bu siyasi kurs ölkəmizin suverenliyini, hüquqi dövlət prinsipini və sosial ədaləti təmin edən əsas dayaqlardan biridir.
Azərbaycanın uğur hekayəsi güclü liderlik, möhkəm dövlətçilik ənənələri və humanist dəyərlərin vəhdətindən yaranmışdır. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə əsası qoyulan bu yol Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Dayanıqlı inkişafı təmin edən bu model Azərbaycan dövlətinin gələcək onilliklərdə də sabit, güclü və qalib ölkə olaraq qalacağına əminlik yaradır.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



