
“Prezident İlham Əliyevin 8 dekabr 2025-ci ildə Slovakiyaya rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini və gələcək inkişaf dinamikasını aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyevin vurğuladığı kimi Slovakiya və Azərbaycan bu gün sözün əsl mənasında dost ölkələrdir və münasibətlər Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasından sonra ən yüksək mərhələyə yüksəlib. 2024-cü ildə imzalanan həmin sənəd iki ölkənin bütün istiqamətlər üzrə fəal əməkdaşlığına sistemli çərçivə yaradıb və bu gün həm iqtisadi, həm siyasi, həm də texnoloji sahələrdə konkret layihələrin icrasına şərait formalaşdırıb. Bəyannamədən sonra müştərək komandaların fəaliyyəti genişləndirilib, birgə iqtisadi işçi qrup praktiki nəticələrə yönəlib, ənənəvi enerji əməkdaşlığı yeni məzmun qazanıb”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan enerji sahəsində Slovakiyanın etibarlı tərəfdaşıdır və artıq ötən ildən etibarən Azərbaycan qazı Slovakiyaya nəql olunmağa başlayıb. Azərbaycanın zəngin qaz yataqları və artan hasilat imkanları Avropanın enerji xəritəsində ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə yüksəlib və ölkənin ümumi ixracının yarısı Avropa ölkələrinin payına düşür. Yeni yataqların işlənməsi hesabına artan resurslar növbəti illərdə həm Slovakiyaya, həm də regionun digər dövlətlərinə daha böyük həcmdə qaz təchizatı üçün imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi 25 milyard kubmetrlik illik ixrac həcmi Azərbaycanın qlobal enerji təhlükəsizliyinin mühüm oyunçusu olduğunu bir daha təsdiqləyir.
“Prezidentin İlham Əliyevin bəyanatında diqqət çəkən mühüm istiqamətlərdən biri nəqliyyat və tranzit sahəsində əməkdaşlıqdır. Azərbaycan artıq uzun illərdir ki, Şərqlə Qərb arasında körpü rolunu oynayır və qoyulan böyük infrastruktur sərmayələri ölkəmizi Orta Dəhlizin əsas hissəsinə çevirib. Bu marşrut Orta Asiyanı Avropaya ən etibarlı və təhlükəsiz şəkildə birləşdirir. Prezident İlham Əliyev Slovakiya ilə bu sahədə də əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, qarşıdakı illərdə nəqliyyat və bağlantı sahəsinə əlavə sərmayələr yatırılacaq”.
O bildirib ki, Azərbaycanın enerji potensialı fonunda informasiya texnologiyaları və data mərkəzləri sahəsində Slovakiya ilə əməkdaşlıq da xüsusi yer alıb. Azərbaycanda istifadəyə verilməmiş təxminən 2 giqavatlıq enerji potensialı mövcuddur və bu rəqəm gələcək beş ildə 8 giqavata çatdırılacaq. Məhz buna görə də Azərbaycan beynəlxalq data mərkəzləri üçün ideal məkana çevrilir. İqlim müxtəlifliyi, soyuq bölgələrin mövcudluğu və yüksək enerji təminatı ölkəni süni intellekt və data infrastrukturu üçün cəlbedici edir. Prezident İlham Əliyev Slovakiya şirkətləri ilə bu sahədə əməkdaşlıq aparmaq niyyətində olduqlarını bildirərək bunun gələcəkdə iki ölkə arasında yeni strateji istiqamətlər yaradacağını vurğulayıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Slovakiya səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin artıq klassik diplomatiyanı aşaraq çoxşaxəli strateji tərəfdaşlığa çevrildiyini nümayiş etdirdi. Enerji, müdafiə sənayesi, nəqliyyat, innovasiya və informasiya texnologiyaları kimi yüksək rentabelli və prioritet sahələrdə geniş əməkdaşlıq xətti formalaşıb. Bu əməkdaşlıq bütövlükdə Avratlantik məkanında sabitlik və təhlükəsizliyə xidmət edən yeni geoiqtisadi modelin əsasını qoyur.



