AnalitikaGündəmSiyasət

Kəlbəcərin azad edilməsi həm də strateji və geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır

25 noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu gün Kəlbəcərin işğaldan azad edilməsinin, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyünün tam bərpası yolunda əldə edilən böyük tarixi nailiyyətin rəmzi kimi qeyd olunur. Kəlbəcərin 2020-ci il 25 noyabr tarixində Azərbaycana qaytarılması təkcə hərbi-siyasi uğur deyil, həm də 30 ilə yaxın həsrətin, nisgilin, didərginlik ağrısının sona çatması deməkdir. Kəlbəcər rayonu Azərbaycanın ən mürəkkəb relyefə malik, eyni zamanda strateji baxımdan ən önəmli bölgələrindən biridir. Onun 2020-ci il 25 noyabrda işğaldan azad edilməsi Vətən müharibəsinin növbəti həlledici mərhələsi olmaqla yanaşı, ölkənin hərbi, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yeni reallıqlar yaratdı. Bu hadisə Azərbaycan tarixində təkcə bir rayonun geri qaytarılması kimi deyil, milli təhlükəsizliyin möhkəmlənməsi, regional güc balansının dəyişməsi və yeni strateji üstünlüklərin əldə olunması kimi qiymətləndirilir.

Kəlbəcər Azərbaycanın ən gözəl bölgələrindən biridir. Qərb dağ silsiləsinin qoynunda yerləşən rayon qədim alban mədəniyyətinin izlərini, tarixi məbədləri, qalaları, orta əsr abidələrini və misilsiz təbii sərvətləri ilə məşhurdur. Kəlbəcəri ölkənin ən unikal təbiət guşələrindən birinə çevirir. Bu torpaqlar əsrlər boyu Azərbaycan mədəniyyətinin, sənətkarlığının və el yurd həyatının ayrılmaz hissəsi olub.

1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğalı bölgənin mədəni irsinə ağır zərbələr vurdu. Tarixi abidələrimizin böyük hissəsi dağıdıldı, kəndlər yandırıldı, təbiət və infrastruktur məhv edildi. Minlərlə sakin öz doğma yurdlarından didərgin düşdü və üç onillik ərzində Vətən həsrəti ilə yaşamağa məcbur oldu.
2020-ci ilin 25 noyabrı Azərbaycan üçün yeni bir tarixi başlanğıc oldu. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində Kəlbəcər rayonu bir güllə belə atılmadan, siyasi-diplomatik yolla geri qaytarıldı. Bu hadisə Azərbaycan Ordusunun gücü, xalqın birliyi və dövlət rəhbərliyinin qətiyyətli iradəsinin parlaq təzahürüdür.

Kəlbəcərin azad edilməsi həm də strateji və geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bölgənin təbii sərvətləri, hidroenerji potensialı və mühüm kommunikasiya xətləri ölkənin iqtisadi inkişafına yeni perspektivlər açır.

25 Noyabr bu gün artıq həm də qürur, şəhidlərimizə ehtiram, Azərbaycan Ordusuna minnətdarlıq, həm də doğma yurda qayıdış ümidi ilə qeyd olunur. Bu gün xalqımızın torpaqlarına bağlılığının, milli ruhunun və mübarizə əzminin simvoludur. Kəlbəcər bu gün yenidən həyata qayıdır, dirçəlir, inkişaf edir və yaxın gələcəkdə Azərbaycanın ən mühüm turizm və iqtisadi mərkəzlərindən birinə çevrilməyə doğru addımlayır. Bu gün Kəlbəcər sürətlə bərpa edilir və yaxın illərdə regionun strateji, iqtisadi və turizm mərkəzlərindən birinə çevriləcək. Kəlbəcərin azad olunması yalnız keçmişin qələbəsi deyil – Azərbaycanın gələcəyi üçün güclü bir təməl, uzunmüddətli inkişaf yolunun açılmasıdır.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button