
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin siyasi, sosial və iqtisadi sisteminin əsaslarını müəyyən edən ali hüquqi sənəddir. O, dövlətin idarəetmə prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını və cəmiyyətin əsas dəyərlərini qoruyur. 1995-ci ildə qəbul edilən bu sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının təməlini qoymuşdur. Konstitusiya həm xalqın iradəsini, həm də dövlətin müstəqillik ideallarını özündə birləşdirir.
Bu ali sənəd sabit inkişafın hüquqi bazasını yaradır. Onun müddəaları sosial rifahın artırılması, iqtisadi islahatların hüquqi əsaslarla həyata keçirilməsi və dövlət orqanlarının fəaliyyətinin şəffaflığını təmin edir. Konstitusiyanın tətbiqi nəticəsində idarəetmədə sabitlik, qanunların üstünlüyü və cəmiyyətin hüquqi mədəniyyət səviyyəsi yüksəlmişdir. Hər bir strateji qərar bu hüquqi çərçivə daxilində qəbul edilir və bu da dövlətin davamlı inkişafına zəmanət verir.
Vətəndaşların hüquq və azadlıqları Konstitusiyanın mərkəzində dayanır. Onun üçüncü fəslində insan hüquqları geniş şəkildə əks olunmuş, dövlətin vəzifəsi kimi onların qorunması təmin edilmişdir. Söz, vicdan, mülkiyyət, hərəkət və təhsil azadlıqları, eləcə də sosial təminat hüquqları hüquqi müstəvidə təmin olunur. Bu, Azərbaycan Respublikasının vətəndaş mərkəzli dövlət siyasətinin əsas göstəricisidir.
Azərbaycanın Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də xalqın birliyinin, ədalətə inamının və dövlətin gələcəyə yönəlmiş strateji düşüncəsinin təcəssümüdür. O, həm sabit inkişafın, həm də vətəndaşların layiqli həyatının təminatçısı kimi bu gün də öz aktuallığını qorumaqdadır.
YAP Xəzər rayon təşkilatının fəalı
Sünbül Həsənquliyeva



