AnalitikaGündəmSiyasət

8 Noyabr – Azərbaycanın şanlı Zəfər salnaməsi

Azərbaycan xalqı artıq beş ildir ki, 8 Noyabr – Zəfər Gününü böyük qürur və iftixar hissi ilə qeyd edir. Bu gün təkcə bir qələbənin deyil, bütöv bir millətin tarixində yeni mərhələnin başlanğıcıdır. 2020-ci ilin 8 noyabrında Şuşa qalasının azad olunması ilə düşmən ordusunun bel sütunu sındı, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi öz parlaq Zəfəri ilə başa çatdı. Həmin gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olundu.

Bu qələbə illərlə aparılan məqsədyönlü və uzaqgörən siyasətin, dövlətimizin güclənməsinə, ordumuzun müasir tələblərə uyğun formalaşmasına yönəlmiş tədbirlərin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyasını Müzəffər Ali Baş Komandan İlham Əliyev ardıcıl və müdrik şəkildə davam etdirərək Azərbaycanı Zəfərə aparan yolu reallığa çevirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli siyasət uzun illər davam edən ədalətsizliyə son qoydu. Dövlət başçısı ölkənin siyasi, iqtisadi və hərbi potensialını möhkəmləndirərək milli birliyi təmin etdi, xalqı vahid amal ətrafında səfərbər etdi. Nəticədə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı ilə 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi. Şuşanın azad edilməsi isə bu mübarizənin zirvəsi oldu.

Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. Həmin sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da mərhələli şəkildə Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 27 il ərzində icra olunmamış qətnamələrini öz gücü ilə həyata keçirdi, beynəlxalq ədaləti bərpa etdi və dünya ictimaiyyətinə əsl suverenlik nümunəsi göstərdi.

44 günlük Vətən müharibəsi həm də xalqımızın birliyinin, milli həmrəyliyinin və xalq-iqtidar münasibətlərinin gücünü nümayiş etdirdi. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək tarixi haqq savaşını Zəfərlə başa çatdırdı.

Müharibə dövründə Azərbaycan bir daha bəzi dövlətlərin və təşkilatların ədalətsiz, qərəzli mövqeyinin şahidi oldu. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, Fransanın və erməni lobbisinin təsiri altında olan dairələrin təzyiqləri beynəlxalq münasibətlərdəki ikili standartları açıq şəkildə üzə çıxardı. Lakin Prezident İlham Əliyevin qətiyyətli diplomatik mövqeyi, məntiqli arqumentləri və beynəlxalq səviyyədə qazandığı nüfuz bu cəhdlərin hamısını iflasa uğratdı. Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya sahəsində qələbə qazandı.

Bu tarixi Zəfər xalqımızın şərəf və qürur simvoluna çevrildi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər Paradı isə həmin qürurun təntənəli təcəssümü oldu. 3000-dən çox Azərbaycan əsgəri və zabiti ilə yanaşı, qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin də bu mərasimdə addımlaması iki ölkə arasındakı sarsılmaz dostluğun və qardaşlığın parlaq göstəricisi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə paradda iştirakı həm qardaşlıq, həm də ortaq Zəfərin rəmzi kimi yaddaşlara həkk olundu.

8 Noyabr – Zəfər Günü bu gün müstəqil Azərbaycanın ən qürurlu simvollarından biridir. Bu gün xalqımızın iradəsinin, ordumuzun gücünün və rəhbərliyimizin müdrikliyinin təntənəsidir. Hər il bu tarixdə Azərbaycanın hər bir vətəndaşı Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş şəhidlərimizi minnətdarlıqla yad edir və bu müqəddəs Zəfəri əbədi yaşatmaq əzmini bir daha nümayiş etdirir.

 

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

 

Oxşar Xəbərlər

Back to top button