AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. Ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən aparıcı faktor kimi çıxış etməkdədir.

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulub. 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Qazaxıstanda səfirliyi, həmçinin 2008-ci ildən Aktau şəhərində Baş konsulluğu fəaliyyətə başlayıb. Bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir.

İki dost və qardaş dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə dövlət rəhbərlərinin sıx münasibətləri mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumilikdə isə Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Növbəti belə yüksəksəviyyəli səfər oktyabrın 20-21-də baş tutub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Astanaya rəsmi dövlət səfərinə gəlib. Səfər ərəfəsində Prezident İlham Əliyev “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.

Dövlət başçısının sözlərinə görə, bu tərəqqi məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq və qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi bağlılıq sayəsində mümkün olub. “Bu günə qədər ölkədə Qazaxıstan kapitalının iştirakı ilə 250-yə yaxın kommersiya qurumu qeydiyyata alınıb ki, bu da investisiya iqliminə yüksək etimad səviyyəsini təsdiqləyir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Müsbət dinamika qarşılıqlı ticarət sahəsində də aydın şəkildə özünü göstərir. Belə ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar-avqust ayları ərzində isə 547 milyon dollara çatıb ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricilərini üç dəfədən çox üstələyir. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə əlaqədardır. Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 225 milyon dollara çatıb, Qazaxıstanın Azərbaycana yatırdığı investisiyalar isə 136 milyon dollar təşkil edib. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlıq və davamlı inkişafda qarşılıqlı marağını göstərir”, – Prezident İlham Əliyev qeyd edib.

Müslümova Gültəkin
Xəzər rayonu, 122 nömrəli məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button