
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında strateji əməkdaşlığın, qarşılıqlı etimadın və siyasi həmrəyliyin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə Azərbaycan-Qazaxıstan münasibətlərinin bu günü ilə deyil, həm də regionun gələcək inkişaf istiqamətləri ilə bağlı dərin və uzaqgörən baxışların ifadəsi idi.
Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələr etibarlı təməl üzərində qurulub və bu münasibətlər artıq illərdir davamlı inkişaf xətti üzrə irəliləyir. Son üç ildə iki ölkə liderlərinin çoxsaylı qarşılıqlı səfərləri və imzalanan 170-dən artıq sənəd əməkdaşlığın miqyasını və intensivliyini nümayiş etdirir. Dövlət başçısı vurğuladı ki, bu gün Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli xarakter daşıyır, siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edir.
Müsahibə zamanı iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi yer ayrıldı. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin artdığını, investisiya əlaqələrinin genişləndiyini və qarşılıqlı iqtisadi maraqların möhkəmləndiyini bildirdi. Qazaxıstan Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir, 2025-ci ilin ilk səkkiz ayında qarşılıqlı əmtəə dövriyyəsinin 547 milyon dollara çatması bu əməkdaşlığın real nəticəsidir. Dövlət başçısı, həmçinin, enerji və nəqliyyat sahəsində ortaq layihələrin strateji əhəmiyyətini vurğuladı. “Orta Dəhliz”in potensialından səmərəli istifadə, Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi, Aktau-Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tranziti kimi layihələr iki ölkənin iqtisadi birliyini daha da gücləndirəcək.
Prezident İlham Əliyev müsahibəsində Türk Dövlətləri Təşkilatının roluna da xüsusi diqqət yönəltdi. O qeyd etdi ki, bu qurum türk xalqlarının həmrəyliyinin və birliyinin mühüm dayağına çevrilib. Azərbaycan və Qazaxıstan bu təşkilat çərçivəsində sıx əməkdaşlıq aparır, türk dövlətləri arasında iqtisadi, mədəni və siyasi inteqrasiyanın dərinləşməsinə birgə töhfə verirlər. Mədəni əlaqələr, qarşılıqlı mədəniyyət günləri, ortaq dil və dəyərlərin qorunması bu həmrəyliyin əsas sütunlarını təşkil edir.
Müsahibənin diqqətçəkən məqamlarından biri də ekoloji məsuliyyət məsələləri idi. Prezident İlham Əliyev Xəzər dənizinin su səviyyəsinin azalmasının region ölkələri üçün ciddi təhlükə yaratdığını vurğulayaraq, bu problemin yalnız birgə səylərlə həll oluna biləcəyini bildirdi. Azərbaycan və Qazaxıstanın bu sahədə birgə təşəbbüsləri ekoloji təhlükəsizliyin təmin olunmasına, həm də iqtisadi və sosial sabitliyin qorunmasına xidmət edir.
Ümumilikdə, Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji mahiyyətini daha da aydın şəkildə ortaya qoydu. Bu münasibətlər təkcə dövlətlərarası əməkdaşlıq çərçivəsində deyil, həm də ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətləri kimi formalaşıb. Müsahibə göstərdi ki, Bakı və Astana arasında dostluq, etimad və qarşılıqlı dəstək prinsiplərinə söykənən əlaqələr gələcəkdə türk dünyasının birliyi və regionun dayanıqlı inkişafı üçün mühüm təməl rolunu oynayacaq.
Prezident İlham Əliyevin bu çıxışı, əslində, həm Türk dünyasının birliyinə, həm də regionun strateji gələcəyinə yönəlmiş aydın siyasi baxışın ifadəsidir. Azərbaycanın və Qazaxıstanın ortaq səyləri nəticəsində regionda sabitlik, tərəqqi və əməkdaşlıq mühiti daha da möhkəmlənəcək. Bu, həm iki dövlətin, həm də bütövlükdə türk dünyasının gələcəyi naminə verilmiş strateji mesaj idi.
Əminə Baloğlanova
Xəzər rayonu, 26 №li tam orta məktəbin əməkdaşı