AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində 19-20 sentyabr antiterror əməliyyatı uğurla başa çatdı

Azərbaycan 30 illik işğal dövründə Qarabağ məsələsinin daim sülh danışıqları əsasında çözülməsinə çalışırdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi. Dövlətimizin real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində əldə edilən diplomatik uğurlar İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. 44 gün ərzində 30 illik işğala son qoymaq bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə baş verdi. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Reallıq budur ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasından bir il ötür. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. O zaman Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdir. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.

Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button