“Azərbaycanda, xüsusilə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində böyük işlər həyata keçirilib. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib, 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Eləcə də 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Həmçinin, Bakı-Qəbələ dəmir yolu uğurla inşa edilib, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolları fəaliyyətini bərpa edib. Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz yerinə yetirilib. Bundan başqa, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. İşğaldan azad edilmiş ərazilərdə isə 3400 kilometrə yaxın avtomobil yolu, yəni 44 avtomobil yolu layihəsi icra edilir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolunun da 60 faizi inşa edilib, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, son 30 il ərzində Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatması, şəxsi istifadədə olan nəqliyyat vasitələrinin sayının sürətli çoxalması Bakı şəhərində və ətraf ərazilərdə sıxlıqla bağlı problemlərin yaranmasına da gətirib çıxarıb: “Həm bu səbəbdən, həm də Bakının və ətraf ərazilərin sürətli şəkildə inkişafı prizmasından yeni dövlət proqramının işlənilməsi və reallaşdırılması nəqliyyat infrastrukturunun daha intensiv inkişafına səbəb olacaq. Bu mənada, yeni yolların salınması, metro, dəmiryol, tramvay xətlərinin inşası, eyni zamanda nəqliyyat sahəsinin digər sektorlarında müasir işlərin həyata keçirilməsi bu sahədə innovativliyin daha da artırılmasına və sürətli inkişafına səbəb olacaq. Nəzərdə tutulan işlərin həyata keçirilməsi nəticəsində isə Bakı və ətraf ərazilərdə sıxlıq, tıxac kimi problemlər aradan qaldırılacaq, ictimai nəqliyyat sahəsində vətəndaş məmnunluğu daha da yüksəldiləcək”.
“Bu gün Azərbaycan beynəlxalq nəqliyyat nəqliyyat qovşağına çevrilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində ölkəmizin coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə edilib və bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.