Ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı və Qələbə salnaməsinin ilk gününü öz qəhrəmanlıqları ilə tarixə yazdı.
Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.
44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və vaxtında verdiyi qərarlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Və bu qələbənin daimi və əbədi olmasını yaşatmaq üçün Bakıda açılışı olan Zəfər parkı Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb.
Rövşanə Cəfərova,
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi