Bəli, 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.Şanlı tarix yazanqəhrəman əsgər və zabitlərimiz rəşadət göstərərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək, düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azadedilməsi ilə əlaqədar olaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs verdik. Azadlığına qovuşmuş qədim şəhərdə artıq böyük quruculuq, təmir-bərpa işləri dayanmadan irəliləyir. Düşmən tapdağından azad edilmiş Şuşanın inkişafı yüksək səviyyədə həyata keçir. Qarabağın tacı olan Şuşa, Qafqazın sənət məbədi, Şərqin incəsənət, musiqi beşiyi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli ecazkar qala günü-gündən gözəlləşir. Şuşanın Azərbaycan tarixində xüsusi yeri var, çünki o, füsünkar gözəlliyə malik, Xarıbülbülün vətəni qədim qaladır. Şuşanın qədimliyi, əsl tarixi siması saxlanılmalıdır. Şuşanın əsl tarixi simasının və qədimmədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməlidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın qədim, mədəni və böyük strateji əhəmiyyətə malik şəhəri olan Şuşanın əvvəlki görkəmi bərpa olunmaqdadır. “Qarabağın incisi”, “dağlar gözəli”, “baş tacımız” deyə xəyallarında yaşadaraq, həsrətində olduğu doğma Şuşa şəhərinin azad edilməsini Azərbaycan xalqı böyük coşqu ilə qarşıladı. Tarixin sərt sınaqlarından keçərək bir çox hadisələrə şahidlik edən Şuşa şəhəri bu gün bizimlədi. Prezident İlham Əliyevin dediyi kimi, “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.
Artıq Şuşa şəhərində bərpa işləri dayanmadan sürətlə inkişaf edir. Şuşa şəhərində mədəniyyət və turizm yönlü obyektlərin inşası davam etməkdədir. Şuşa işğaldan azad edildikdən sonra şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işlərinə başlanıldı və bu işlər sürətlə davam etdirilir. İlk olaraq Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə – Şuşa şəhər mərkəzi meydanına qaytarıldı. Az bir vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub.
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsi ilə xalqımıza böyük sevinc, qürur və fəxarət bəxş etdi. Xalqımız 30 ilə yaxın həsrətində olduğu doğma Şuşa şəhərinin azad edilməsini böyük coşqu hissi ilə qarşıladı. Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Həsənova Almara,
Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi