AnalitikaGündəm

Şuşa zəfərinə gedən yol

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.

İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı. Bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Biz bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Belə xalqın Ordusu bu Zəfəri qazanması labüd idi.

Əkpərova Xuraman,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button