AnalitikaGündəmOrdu

Azad Şuşaya yenidən həyat qayıdır

2020-ci il 8 Noyabr Azərbaycan tarixinə unudulmaz bir gün-tarixi qələbə günü kimi qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan ordusunun cəsur və qəhrəman əsgərləri inanılmaz şücaət göstərərək Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşamızı 18 illik fasilədən sonra düşmən tapdağından azad etdilər. İgid əsgərlərimizin bu möhtəşəm qələbəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə əbədiləşdirildi. Müzəffər Ali Baş Komandan noyabrın 8-də Azərbaycan xalqına müraciətində bu tarixi qələbəni böyük qürur hissi xalqımıza çatdıraraq çıxışını yaddaşlardan heç vaxt silinməyəcək bu sözlərlə bitirmişdir: “Əziz Şuşa,sən azadsan! Əziz Şuşa,biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bu möhtəşəm zəfərin memarı olan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndər Heydər Əliyevin uğurla başladığı siyasəti sona çatdıraraq ata vəsiyyətini yerinə yetirməklə adını Azərbaycan tarixinə qüdrətli sərkərdə kimi əbədi yazdırdı. Şuşanın işğaldan azad edilməsi üçün rəşadətli ordumuz 44 gün dayanmadan, yorulmadan sıldırım qayaları, dərin dərələri böyük əzmkarlıqla keçərək çox çətin tapşırığı şərəflə icra etdilər. Əminliklə demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Azadlığa qovuşmuş doğma Şuşamız qayıdışımızla günü-gündən dirçəlməkdədir. Qədim şəhərimizdə böyük quruculuq, təmir-bərpa işləri aparılır.İgid oğullarımızın Şuşamızı düşmən tapdağından azad edərkən dağların, meşələrin qoynundan irəliləyərək açdığı cığır boyu avtomobil yolu salınmışdır. 101 km uzunluğun olan bu yolu Müzəffər Ali Baş Komandanımız İlham Əliyev “Zəfər yolu” adlandırmışdır.

Şuşamızda bərpa işləri aparılarkən mənfur düşmən tərəfindən talan edilən tarixi mədəniyyət abidələrinin bərpa-quruculuq işləri planlı şəkildə aparılır.Artıq bir çox tarixi abidələr bərpa olunub.Belə ki, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri bərpa edilərək əvvəlki yerlərinə qoyulub.Həmçinin yeni infrastruktur layihələrinə aid olan”Xari bülbül” və “Qarabağ” hotelləri istifadəyə verilib,modul tipli xəstəxana fəaliyyətə başlayıb,Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. Bu bərpa və yenidənquruculuq işlərinin sürəti bizə əminliklə deməyə imkan verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın eləcə də dünyanın ən gözəl şəhərlərindən olacaq.

Şuşanın işğaldan azad edilməsindən sonra Azərbaycanın bu tarixi qələbə ilə kifayətlənəcəyi düşünülsə də ordumuz Qarabağı terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoymaq məqsədilə sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olaraq uğurlu antiterror əməliyyatı həyata keçirdi və beləliklə 23 saat 48 dəqiqə davam edən bu antiterror əməliyyatı Ali Baş Komandanımızın qətiyyətini və ordumuzun gücünü bir daha nümayiş etdirdi.

Bu gün biz Azərbaycan xalqı qalib ölkənin vətəndaşları olmağın sevincini böyük qürur hissi ilə yaşayırıq!Əminik ki,bu şanlı tarix təkcə bizim yox gələcək nəsillərin qürur mənbəyi olaraq qalacaq!

Ülkər Hüseynova,
Xəzər rayonu,
S. Abbasov adına 117 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Oxşar Xəbərlər

Back to top button