27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya “Dəmir Yumruq” əməliyyatı adlanan Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Qarabağda silahlı qarşıdurma baş verdi. Bu müharibə 1993-cü il Atəşkəsindən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli müharibə idi.
Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca, Ermənistan hərbi vəziyyət və ümumi səfərbərlik,Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz – Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdı.
Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsi Azərbaycanın xalqının Zəfəri ilə başa çatdı…
44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Məhz, Ali Baş Komandanın siyasəti nəticəsində Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq tellərinin möhkəm təməllərə söykənməsi və Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst edərək, düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı: ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Beləliklə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gün oldu.
Üçtərəfli bəyanata ,əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi artıq yoxdur, süquta uğrayıb və heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat mahiyyət etibarilə, Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.
Beləliklə, Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlarımız bunlardır: Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılması.
Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması.
Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması.
Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması.
2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpası.
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu, 30 illik danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Artıq, imzalanmış Bəyanata əsasən, reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.
Nəhayət ki, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. 8 noyabr 2020-ci il xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazılan Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.
Vüsalə Xəlilzadə,
Xəzər rayonu, 322 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi