44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu. 28 ildən çox Azərbaycan xalqı səbr göstərdi. Biz hüququn gücünə inandıq, hüququn ədalətini gözlədik, danışıqlar prosesinə hazır olduğumuzu və sülhün tərəfdarı olduğumuzu nümayiş etdirdik. Çox təəssüf ki, təcavüzkar dövlət olan Ermənistan bundan sui-istifadə edərək özünün işğalçı siyasətini pərdələdi. Bütün beynəlxalq tribunalardan Azərbaycan Ermənistanın birmənalı sürətdə işğalçı olduğunu sübut etməyə çalışdı. Beynəlxalq qurumların Qarabağ münaqişəsinə ikili standartla yanaşması daim Ermənistanın yanında olduğunu beynəlxalq tribunalardan açıq şəkildə göstərirdi.
Qərb dövlətlərinin və digər özünü demokratik dövlət adlandıran Erməni havadarları daim Azərbaycana qarşı siyasi təxribatlar aparırdılar. 28 il ərzində Azərbaycan Ermənistanın şovinst terrorçu dövlət olduğunu bütün beynəlxalq təşkilatlarda açıq-aydın faktlarla sübut edirdi. 1992-ci ildə törədilmiş Xocalı faciəsi insanlara deyil, insanlığa qarşı olunmuş dünyanın ən böyük terror idi. Çox təəssüflər olsun ki, bütün dünya buna sanki bilərəkdən göz yumurdu. Azərbaycan sülh siyasəti aparmaqla bərabər öz hərbi potensialını daim gücləndirmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulduğu ordu quruculuğunu Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahı Qüvvələrinin yenilməz sərkərdəsi İlham Əliyev inkişafını davam etdirdi. Qısa bir zaman kəsiyində Azərbaycan ordusu yüksək inkişafına,müasir texnoligiyaların əldə olunmasına və tam hərbi biliklərə yiyələnmiş əsgər və zabit heyətinə malik olmuşdur.
28 il ərzində Azərbaycana qarşı Ermənistanın təxribatçı döyüş əməliyatlarının qarşısı uğurla alındı. Düşmənə dəfələrlə ağır zərbələr endirildi. Bir çox strateji əhəmiyyəti olan yüksəkliklər işğaldan azad olundu. Nəhayət, haqq-ədalət öz yerini tapdı. Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə ədalət məhkəməsini özü qurdu. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin növbəti hücumuna cavab olaraq Vətən Müharibəsinə başladı və 44 günlük müharibədə işğalçı Ermənistanın ordusu bütünlüklə məhv edildi, düşmən diz çökdü. Qarşı tərəf sərsəm bəyanatları ilə 44 günülük müharibə dövründə dünya mediyasında Azərbaycana qarşı təxribatçı yazılarla çıxış edirdi.Öz məğlubiyyətini bununla ört basdır etmək istəyirdi. Azərbaycan açıq şəkildə öz üstünlüyünü göstərir, istənilən qüvvəyə qarşı döyüşməyə hazır olduğunu sübut edirdi. Qısa müddət ərzində erməni ordusu çoxlu sayda həm canlı qüvvə baxımından həmdə hərbi texnika cəhəddən ağır itkilərə məruz qaldı. Bunun bariz nümunəsi 44 günlük müharibənin şərəfinə Bakı şəhərində yaradılmış Qənimətlər parkını misal göstərmək olar.
Ermənistan ordusu ağır itkilərə məruz qalaraq məhv edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri, 300-ə yaxın kənd və qəsəbə işğaldan azad edildi. Nəhayət ki, noyabrın 10-da üç dövlət rəhbərləri tərəfindən Ermənistan üçün kapitulyasiya aktı sayılan Bəyanat imzalandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciətində demişdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sənədə əsasən düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz qaytarıldı. Beləliklə, Azərbaycan hədəfinə çatdı və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu.
Çox təəssüflər olsun ki, Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əməl etmədi. Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev tərəfindən aparılan qətiyətli siyasət və Azərbaycan ordusunun yenilməzliyi sayəsində Azərbaycan torpaqları tamamilə işğaldan azad olundu. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam və suverenliyi toxunulmazdır. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür.
Rüfət Əlizadə,
Xəzər rayonu, 262 nömrəli tam orta məktəbin Hərbi rəhbəri