Azərbaycanın dilbər guşələrindən olan, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşadığımız günlərdə misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Qarabağa böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılmasından keçir. Lakin düşmən ölkənin hərbi quldur dəstələrinin 30 il müddətində Qarabağı mina və partlamamış sursat məzarlığına çevirməsi məcburi köçkünlərin öz yurdlarına dönüşünü ciddi surətdə əngəlləyir, irimiqyaslı layihələrin sürətlə gerçəkləşdirilməsinə mane olur. Minalardan təmizləmə işləri uğurla davam etdikcə yeni ərazilər bərpa və quruculuq meydanına çevrilir. İşğaldan azad edilmiş ərazilərdə və keçmiş təmas xəttində irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri də sürətlə gerçəkləşdirilmişdir. Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni yollar çəkilir, ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının təməlləri qoyulur. Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Bərpa işləri içərisində avtomobil, dəmir yolu, Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində bərpa işləri yekunlaşmış, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilmiş, həmçinin, Ağdam və Füzuli şəhərində isə uşaq bağçaları üzrə layihələndirmə işləri aparılır. Bunda əlavə, Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən tarixi tikililərdən biri də Mehmandarovların malikanə kompleksidir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb və hazırda bunun əsasında bərpa prosesi icra olunur. İğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası da xüsusi diqqət mərkəzində saxlanılır. Belə layihələrdən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bundan başqa, hazırda həyata keçirilən ən böyük layihə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. 2021-ci ilin aprelində havalimanının təməlqoyma mərasimi keçirilmiş, 20 oktyabr 2022-ci ildə isə açılmışdır. Havalimanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometr olmaqla, ağır nəqliyyat təyyarələri, eləcə də bütün növ hava gəmilərini qəbul edə biləcək. Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər doğma yurdlarına qayıtmasına yaratdığı imkan nəticəsində işğaldan azad olunan ərazilərə həyat qayıdır, soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Republikamız “Böyük Qayıdış” proqramı çərçivəsində quruculuq işlərini daha da genişləndirməklə, əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur bölgələrini cənnət diyara çevirəcəkdir.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı