Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır
2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu, İkinci Qarabağ müharibəsinin sonu oldu. Azərbaycan Ordusunun tarixi Zəfəri işğalı sona çatdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşaya səfəri böyük bir qürurla izlənildi. Xalq bu səfəri Vətən müharibəsində qazanılmış tarixi Zəfərin davamı bildi. Şuşada keçirilən Xarıbülbül festivalı tarixin dünənlərini yenidən yaşatmaqla milli-mənəvi dəyərlərimizə sədaqət oldu. Şuşada Türkiyə ilə Azərbaycan arasında bağlanan Şuşa Bəyannaməsi Vətən müharibəsində qazanılmış tarixi Zəfərə ehtiramın qardaşlıq sənədi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 10-da Şuşaya səfəri də tarixi səfər oldu. Ölkə başçısı burada Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdü. Bu görüş azərbaycançılığa sədaqət duyğuları yaşatdı, Vətənə sevgini kükrətdi, Şuşa uğrunda döyüşlərdə şəhid olanların ruhuna ehtiram hissləri doğurdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdə dedi: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Prezident İlham Əliyevin şuşalılarda görüşdə dediyi kimi, Şuşada böyük infrastruktur layihələri reallaşdırılır və şəhərin dirçəldilməsi geniş vüsət alıb.Şuşanın tarixi və dini abidələri də bərpa olunur. Bu işə Heydər Əliyev Fondu böyük töhfələr verir. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın və Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Bu ərazilərin təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Vətən müharibəsində ölkə başçısı hər gün xalqa müraciət edirdi. Bu müraciət müharibənin gedişi haqqında real informasiyalar idi. Mayın 10-da Şuşada Şuşaya köçmüş ilk sakinlərlə görüşdə dedikləri həmin müraciətlərin məntiqi davamı oldu: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə – bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı”. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri işğalın izlərini tamamilə siləcəkdi. Şuşa qələbəsi bu ədalətli müharibənin sonlanmasında son döyüş olmuşdu, bərpa və yenidənqurma işləri də ilk olaraq Şuşadan başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinə ilk köçmüş sakinlərlə görüşdə dedi ki, “Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 10-da Şuşaya səfəri, Şuşa şəhərinə köçmüş ilk sakinlərılə görüşü işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin vüsət aldığının təsdiqi kimi tarixləşdi. Xalq da, dünya ictimaiyyəti də əmin oldu ki, Şuşa şəhəri yaxın vaxtlarda bütün sakinlərini qəbul edəcəkdir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı