Analitika

Azərbaycan regionda inkişaf dinamikasına görə seçilən ölkədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan hazırda özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söylədiyi nitqində də Azərbaycanın müstəqillik illərində böyük inkişaf yolu keçdiyinə xüsusi diqqət çəkib. Müstəqilliyimizin ilk illərinin ölkəmiz, xalqımız üçün çox ağır keçdiyini, ancaq Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vəziyyətin sabitləşdiyini, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılmağa başlanıldığını,1990-cı illərin ortalarından bu günə qədər 20 il ərzində Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını, müstəqilliyimizin möhkəmləndiyini, gücləndiyini xatırladan dövlət başçısının sözlərinə görə, bugünün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər: “Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da müstəqil həyatımızı təmin edəcəyik”.

Davamlı sosial-iqtisadi inkişaf dinamikası Azərbaycanı dünyada fərqləndirən əsas cəhətlərdən biridir
Ölkəmizin əldə etdiyi uğurlardan danışarkən vurğulamaq yerinə düşər ki, güclü sosial-iqtisadi inkişaf dinamikasına malik olması hazırda Azərbaycanı dünya miqyasında fərqləndirən ən mühüm amillərdən biri qismində çıxış edir. Yəni, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır”.

Məlum olduğu kimi, son illərdə qlobal miqyasda bir sıra arzuolunmaz proseslər müşahidə edilməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, bir neçə il bundan öncə dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhranı ayrı-ayrı ölkələrdə ciddi kataklizmlərlə müşayiət olundu. Ötən ilin sonlarından etibarən dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə karbohidrogen ehtiyatları ilə zəngin olan və ixracının əsasında neft və neft məhsulları dayanan ölkələri ciddi sınaq qarşısında qoyub. Hazırda ciddi çətinliklər qarşısında qalan ayrı-ayrı dövlətlər sosial layihələri ixtisara salmaq, maaşları, pensiyaları azaltmaq, iş yerlərini kütləvi surətdə bağlamaq məcburiyyətində qalıblar. Təkcə ötən il Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişib. İndiki şəraitdə iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir.

Lakin dünyadakı belə neqativ mənzərə ilə müqayisədə Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır. Belə ki, son illərdə dünyada müşahidə edilən qlobal risklər fonunda respublikamız nəinki iqtisadi-maliyyə dayanıqlılığını qorumağa müvəffəq olub, eyni zamanda, öz potensialını ilbəil genişləndirib. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən, qeyri-neft sektoru 55 faiz artıb. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi rəqabətlilik qabiliyyətini yüksək dəyərləndirirlər. Məsələn, dünyada böyük nüfuza malik Davos İqtisadi Forumu 2014-cü ilin ikinci yarısında yaydığı hesabatında ölkəmizi iqtisadi rəqabətlilik indeksinə görə 38-ci yerdə qərarlaşdırıb. Bu isə o deməkdir ki, qısa müstəqillik tarixinə malik olan Azərbaycan hazırda dünyanın ən güclü iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır. İqtisadi potensialın davamlı olaraq artması ölkədə makroiqtisadi sabitliyi təmin edir. Məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi islahatlar sayəsində qısa müddətdə respublikamızda işsizliyin və yoxsulluğun səviyyəsini təxminən 5 faizədək aşağı salmaq mümkün olub. Dünyada müşahidə edilən kataklizmlərə baxmayaraq, Azərbaycan öz maliyyə sabitliyini də qoruyub saxlayır. Artıq ölkəmizin ümumi daxili məhsulun təxminən 70 faizi həcmində olan strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb.

Son 11 ildə strateji valyuta ehtiyatlarımızın artması həm də onunla əlamətdardır ki, ölkəmizdə davamlı olaraq böyük həcmli maliyyə tutumuna malik infrastruktur layihələri reallaşdırılıb. Şəmkirçay, Taxtakörpü su anbarlarının tikilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr, Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsi, yeni enerji güclərinin yaradılması və bu qəbildən olan digər işlərin reallaşdırılmasına böyük məbləğdə maliyyə vəsaiti xərclənib. Bununla belə, respublikamız strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda strateji valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsulunun təxminən 70 faizi həcmindədir ki, bu da kifayət qədər yaxşı göstəricidir. Bu göstəriciyə görə ölkəmiz dünya miqyasında ilk iyirmilikdə qərar tutur. Strateji valyuta ehtiyatlarının indiki həcmi ölkəmizin üçillik əmtəə və xidmət idxalını qarşılamağa kifayətdir.

Sübhan Ərəbi
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button